Mədəni irsimizin UNESCO-da yeni təntənəsi

 

Nar bayramı və miniatür sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edildi

 

2020-ci ilin 16 dekabrı da Azərbaycanın mədəniyyət təqviminə və zəngin mədəni irs tarixinə əlamətdar gün kimi yazıldı. Həmin gün UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyasında mədəni irsimizin daha iki nümunəsi – ənənəvi Nar bayramı və miniatür sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edildi.

 

Xəbər verdiyimiz kimi, 14-19 dekabr tarixində Yamaykanın “ev sahibliyi” ilə təşkil olunan builki sessiya qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfə virtual formatda gerçəkləşir.

 

UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərən Hökumətlərarası Komitənin sessiyaları 2006-cı ildən etibarən ildə bir dəfə keçirilir. 2013-cü ildə sayca 8-ci sessiyaya Bakı ev sahibliyi etmişdi. Hökumətlərarası Komitə seçkilər vasitəsilə formalaşan 24 üzv-ölkədən ibarətdir. İndiyədək UNESCO üzvü olan 180 ölkənin qoşulduğu “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasını Azərbaycan Respublikası 18 yanvar 2007-ci ildə ratifikasiya edib. Ölkəmiz 2018-2022-ci illər üçün komitənin üzvüdür.

 

Komitənin illik sessiyalarında bir qayda olaraq ən diqqətçəkən məsələ müxtəlif ölkələr tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına təqdim olunan nominasiya fayllarının müzakirəsidir. 15-ci sessiyaya “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edilmək üçün ümumilikdə 42 nominasiya faylı, “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya salınmaq üçün isə 4 nominasiya faylı təqdim edilib.

 

Onu da qeyd edək ki, hər iki siyahı “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın qüvvəyə minməsindən sonra – 2008-ci ildən etibarən formalaşmağa başlayıb. Ötən illər ərzində Azərbaycanın bu siyahılara ümumilikdə 13 qeyri-maddi mədəni irs nümunəsi salınıb.

 

Azərbaycanın 15-ci sessiyada “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiya faylına dekabrın 16-da baxılıb və Hökumətlərarası Komitə tərəfindən müsbət qərar qəbul olunub. Beləliklə, Nar bayramı mədəni irs ənənəsi ölkəmizin UNESCO siyahısına daxil edilən 14-cü nümunə olub.

 

Ölkəmiz üçün mühüm önəm kəsb edən bu qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

 

İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunan qərara görə UNESCO-ya və qurumun qiymətləndirmə orqanına təşəkkürünü bildirib, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulayıb. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə bu irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunub.

 

Sessiyanın 16 dekabrda keçirilən iclasında Azərbaycan, Türkiyə, İran və Özbəkistanın  birgə təqdim etdiyi “Miniatür sənəti” çoxmillətli nominasiya sənədi müzakirə edilib. Müzakirələr nəticəsində bu nominasiya faylının da “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edilməsi haqqında qərar qəbul olunub.

 

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Çoxmillətli nominasiya sənədində göstərilir ki, miniatür sənəti təqdim edən ölkələrin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasimlər, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.

 

Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə də Ermənistan Respublikası sessiyadan bir neçə həftə öncə UNESCO-ya etiraz müraciətləri göndərərək sözügedən nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya yolverilməz olduğunu ifadə edib.

 

Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğu iddia edilib. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyasının ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq layiqli cavab verilib.

 

Beləliklə, ölkəmizin UNESCO siyahılarına daxil edilən qeyri-maddi mədəni irs nümunələrinin sayı 15-ə çatıb.

 

Mədəniyyət Nazirliyi bu iki əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını təbrik edir.

 

***

 

Qeyd edək ki, ölkəmizin UNESCO ilə əməkdaşlığının genişləndirilməsi, mədəni irsimizin qorunması və təbliğində müstəsna xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi sayəsində hazırda Azərbaycanın 13 irs nümunəsi (Azərbaycan muğam ifaçılığı; Novruz bayramı; Azərbaycan aşıq sənəti; Azərbaycan xalça sənəti; tar ifaçılığı; kəlağayı sənəti; Lahıc misgərlik sənəti; lavaş bişirmə və paylaşma ənənəsi; dolma hazırlama və paylaşma ənənəsi; kamança hazırlanması və ifaçılıq sənəti; Dədə Qorqud irsi – dastan mədəniyyəti, xalq nağılları və musiqisi) “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”nda, 2 nümunə (“Çövkən – ənənəvi Qarabağ atüstü oyunu” və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”) “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”da yer alır. 

 

Bu nümunələrin UNESCO siyahılarına salınması tarixlərini diqqətə çatdırırıq.

 

Xatırladaq ki, Azərbaycan muğam sənəti hələ 7 noyabr 2003-cü il tarixində UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri” elan edilmişdi. Qeyri-maddi mədəni irslə bağlı Konvensiya qüvvəyə minəndən (2008) sonra tərtib edilən Reprezentativ siyahıya da ilk olaraq muğam sənətimiz salınıb. Bu barədə qərar 2008-ci il 4-8 noyabr tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 3-cü sessiyasında qəbul olunub.

 

Azərbaycan aşıq sənəti 2009-cu ilin 28 sentyabr – 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO Hökumətlərarası Komitəsinin 4-cü sessiyası zamanı Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya salınıb.

 

Həmin sessiyada qəbul edilmiş daha bir qərara əsasən, “Novruz bayramı” çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi UNESCO-nun sözügedən siyahısına daxil edilib. Qeyd edək ki, yeddi il sonra  Hökumətlərarası Komitənin 11-ci sessiyasında (2016, Əddis-Əbəbə şəhəri) İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da “Novruz bayramı” nominasiyasına qoşulub və bununla bağlı müvafiq  qərar qəbul olunub.

 

2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.

 

Tar ifaçılığı sənətimiz 2012-ci ilin 3-7 dekabr tarixində UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya (“Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti” nominasiyası) salınıb.

 

3 dekabr 2013-cü il tarixində Hökumətlərarası Komitənin Bakıda keçirilən 8-ci sessiyasında “Qarabağ atüstü oyun ənənəsi – Çövkən” nominasiya faylı UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib.

 

UNESCO Hökumətlərarası Komitəsinin 2014-cü il  noyabrın 24-28-də Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya salınması barədə qərar qəbul olunub.

 

2015-ci il 30 noyabr – 4 dekabr tarixlərində Namibiyanın paytaxtı Vindhuk şəhərində keçirilən 10-cu sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası da bu siyahıda yerini alıb.

 

2016-cı ilin 28 noyabr – 2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş 11-ci sessiyada ölkəmizin təşəbbüsü ilə daha bir çoxmillətli nominasiya – Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Onu da qeyd edək ki, bundan iki il əvvəl – 9-cu sessiyada (2014, Paris) Ermənistan tərəfindən “Erməni çörəyi lavaşın hazırlanması ənənələri” adlı nominasiya təqdim edilmiş, Azərbaycan tərəfinin qəti etirazından sonra bu cəhdin qarşısı alınmışdı.

 

2017-ci ilin 4-9 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən 12-ci sessiyada Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiya faylı, həmçinin Azərbaycan və İranın birgə təqdimatı ilə “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən 13-cü sessiyada da qeyri-maddi mədəni irsimizlə bağlı iki nominasiya qəbul olunub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyası UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na, Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi – dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiyası isə Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.

 

Beləliklə, dekabrın 16-da qəbul olunan iki qərardan sonra hazırda UNESCO siyahılarında Azərbaycanın 15 qeyri-maddi mədəni irs nümunəsi var.

 

Əlavə edək ki, UNESCO-nun digər mötəbər reyestrində – Dünya irsi siyahısında da ölkəmizin 3 tarixi-mədəni irs məkanı yer alıb: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu (Şirvanşahlar sarayı və Qız qalası) – 2000;  Qobustan Milli Tarixi-Bədii Qoruğu (2007); Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzi (2019).

 

Bundan əlavə, UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə Şəki (sənətkarlıq və xalq yaradıcılığı tematikası) və Bakı (dizayn tematikası) şəhərləri yer alır.

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.1;3.