Anar Kərimov İsveç səfiri ilə onlayn görüş keçirib

 

 

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamill ilə onlayn görüş keçirib.

 

Görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, İsveçin ölkəmizdəki səfirliyinin ticarət və mədəniyyət məsələləri üzrə katibi Sirus Rüstəmov, nazirliyin və səfirliyin rəsmiləri, habelə iki ölkənin incəsənət sektorunun nümayəndələri iştirak edib.

 

İştirakçıları salamlayan Anar Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək bu əlaqələrin perspektivləri barədə fikirlərini bildirib.

 

Səfir Kristian Kamillöz növbəsində mövcud əlaqələrin inkişafına dair birgə tədbirlərin həyata keçirilməsinin,  gələcək əməkdaşlıq üçün imkanların müəyyənləşdirilməsinin  vacibliyini vurğulayıb.

 

Görüşdə “Ta(r)dino 6” İncəsənət Platformasının təsisçisi Əsli Səmədova 2021-ci ildə reallaşdırılması nəzərdə tutulan “Mədəniyyətə təkan” (Cultural Accelerator) layihəsi barədə məlumat verib. Bildirib ki, Trans Europe Halles (TEH – Avropa mədəniyyət mərkəzləri şəbəkəsi), İsveç, Azərbaycan və “Ta(r)dino 6” İncəsənət  Platforması tərəfindən irəli sürülən layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sahəsini dəstəkləmək, incəsənət mütəxəssislərinin bir-biri ilə əməkdaşlıq etmələrinə və dialoq qurmalarına kömək etməkdir. Problemlər üzərində birlikdə işləyən, yeni biliklər yaradanöz təcrübələrini başqaları ilə bölüşən insanları birləşdirən layihə  iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir, onlara öz ideyalarını və layihələrini necə uğurlu təqdim edə biləcəkləri barədə praktiki alətlər təqdim edir.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

“Mədəniyyətə təkan” layihəsi barədə ətraflı məlumatı aşağıdakı linkdən almaq olar:

 

https://bit.ly/3nzesyM

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.2.