Sənət üfüqlərinin parlaq ulduzu

 

 

Azərbaycan professional teatrı 1873-cü ildə yaransa da, uzun müddət səhnə sənəti  cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. XX yüzilliyin əvvəllərində bu sənətə nəinki qadınlar, hətta kişilər belə tərəddüdlə gəlirdilər. Milli səhnəmizin sevilən simalarından olan Xalq artisti Sona Hacıyeva çox gənc ikən bütün qınaq və təhlükələri gözə alaraq teatra ayaq açmışdı.

 

Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəki şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Anası Əzizə Məmmədovanın aktrisa olması, gözəl qarmon ifa etməsi, babası Əbdübağı Zülalovun xanəndəliyi onda musiqiyə maraq oyadır. Lakin həyat onun üzünə gülmək istəyərkən atası vəfat edir. Beləliklə, o, babası Əbdübağı Zülalovun himayəsində qalır. 1916-cı ildə anası ilə Tiflis şəhərinə köçürlər. Sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə isə oradan Bakıya gəlirlər. Əvvəl anası, sonra isə Sona şəhərdəki Əli Bayramov klubunda fəaliyyət göstərən dram dərnəyinə üzv olurlar. Maraqlıdır ki, ana ilə övlad eyni vaxtda səhnəyə gəlirlər. Bu barədə Sona Hacıyeva xatirələrində yazır: “Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl, səni də ora aparım. Bir şərtlə ki, sakitcə oturub tamaşa edəcəksən. Mən bundan çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi: “Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan”. Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır. Özüm də Əzizə xanımın qızıyam”.

 

Balaca Sonaya tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desə, təkrar edərsən. O, bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirir. Səhnəyə çıxanda ayaqları əsir, dili tutulur, nə edəcəyini bilmir. Çətinliklə də olsa, suflyordan eşitdiklərini təkrar edir. Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar” tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində ilk addımı olur. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov onu Bakı İşçi Teatrına dəvət edirlər. Teatrın kollektivi ilə respublikanın rayonlarına qastrola gedir, kənd zəhmətkeşləri qarşısında çıxışlar edir.

 

Sona Hacıyeva 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrında işə qəbul olunur. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Səlimə obrazını yaradır. Bu onun dram teatrının səhnəsində ilk rolu olur. Mənbələrdə qeyd olunur ki, Sona xanımın oynadığı bu rol teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlir. Aktrisa uzun illər bu teatrda çalışaraq müasirklassik dramaturqların əsərlərinin tamaşalarında diqqəti cəlb edən obrazlar yaradır.

 

Səhnəmizin ilk aktrisalarından olan Sona Hacıyeva bəzən OperaBalet Teatrında da çıxış etmək məcburiyyətində qalıb. Çünki o dövrdə aktrisa sarıdan teatrlarımız çox korluq çəkib. Görkəmli sənətkar Hüseynqulu Sarabskionun aktrisalıq məharətini və səsini çox bəyənib. Onun yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. O vaxtadək operada qadın rollarını kişilər və qeyri-millətlərdən olan aktrisalar oynayıblar. Bu səbəbdən də Üzeyir Hacıbəyli, Müslüm Maqomayev çalışıblar ki, geniş yaradıcılıq imkanlarına malik olan Sona Hacıyeva tez-tez opera səhnəsində çıxış etsin. Beləliklə, o həm opera, həm də dram teatrın səhnələrində müntəzəm rol alır. Bir səhnədə muğam oxuyubsa, digər səhnədə dramatik obraz yaradıb, hər iki vəziyyətdə çıxışları təbii və təsirli alınıb.

 

Sona Hacıyeva ömrünün sonuna kimi çalışdığı Dövlət Dram Teatrının səhnəsində klassik dramaturqlarımızla bərabər, xarici müəlliflərin əsərlərində də müxtəlif obrazlar yaradıb. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifey sənətkarlarla tərəf-müqabil olub.

 

Böyük dramaturq Cəfər Cabbarlı Sona Hacıyevanın teatr aləmindəki xidmətlərini yüksək qiymətləndirərək yazıb: “Azərbaycanlı aktrisalar içərisində nəzəri cəlb edən qüvvətli simalardan biriSona xanımdır. Səhnədə keçən günlər bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdir”.

 

Sona Hacıyeva eyni zamanda Azərbaycan kino sənətinin inkişafında da xidmətlər göstərib. O, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Səhər”, “O olmasın, bu olsun” bədii filmlərində çəkilib. Görkəmli sənətkar 4 dekabr 1979-cu ildə Bakıda vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.5.