Döyüş yoldaşlarını mühasirədən çıxarsa da...

 

 

Şəhid Asif Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olmuşdu. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsində hərbi qulluğa başlamışdı.

 

Tovuzun sərhədyanı Ağdam kəndində, sonrakı illərində isə Murovdağ yüksəkliyindəki postlarda xidmətini davam etdirmiş, 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak etmişdi. 2018-ci ildə Pirəkəşküldə yerləşən N saylı hərbi hissədə taborun qərargah rəisi vəzifəsinə təyin olunmuşdu.

 

Şəhid mayorun qardaşı Şəhriyar Azayev: “Qardaşım müharibənin başlandığı ilk gündən ön cəbhəyə yollandı. Döyüş yoldaşlarının dediyinə görə, Füzuli və Cəbrayıl rayon mərkəzlərinin və kəndlərinin azad edilməsi uğrunda qəhrəmanlıq göstərmişdi. Dostları bildirir ki, Asif oktyabr ayının 20-də gedən ağır döyüşlərdə 12 nəfərdən ibarət şəxsi heyəti ilə mühasirəyə düşürdöyüş yoldaşlarını itkisiz mühasirədən çıxarmağı bacarır. Lakin özü sonda snayper gülləsindən yaralanır və qəhrəmancasına şəhid olur”.

 

Qeyd edək ki, 44 günlük müharibədə adını şanlı tarixə həkk edən Asif Azayevin üç övladı qalıb. Torpağı sanı yaşasınlar.

 

Mədəniyyət.- 2020.- 18 dekbar.- S.5.