Vətənə və musiqiyə vurğun

 

 

Hər bir insan üçün Vətən onun dünyaya göz açdığı, isti ana qucağında qayğısız uşaqlıq illərini keçirdiyi torpaqdır. Yaşa dolduqca o torpaqda keçirdiyin xatirələrin ona qarşı olan sevgini daha da artırır. Onun uğrunda qan tökməyə də, canını fəda etməyə də hazır olursan. 44 günlük Vətən müharibəmizin qəhrəman şəhidi Tamerlan Mahmudov kimi.

 

Mahmudov Tamerlan Fuad oğlu 1995-ci il martın 21-də Bakıda anadan olub. Bir müddət anası ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayıb. Tamerlan anasının, bacısının, xalalarının, nənəsinin sevgisi ilə əhatələnmiş bir ailədə böyüyüb.

 

2002-2006-cı illərdə 107 saylı orta məktəbdə və Milli Qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı orta məktəbdə təhsil alıb. Tamerlan hələ uşaq yaşlarından musiqiyə, incəsənətə xüsusi maraq göstərib. Təhsilini Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbində davam etdirməyi qərara alır. Çünki seçdiyi nəfəsli musiqi alətlərindən olan tuba ifaçılığı bu məktəbdə tədris edilirdi. Əvvəl internat məktəbində qalmaq istəməsə də, müəllimi, Uşaq nəfəsli alətlər orkestrinin dirijoru Rafael Əzimovun təkidi ilə orada qalır və sənətin sirlərini dərindən öyrənir. Təhsilini uğurla başa vuran Tamerlan 2011-ci ildə elə müəlliminin köməkliyi ilə Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinə musiqiçi kimi qəbul olunur. 2013-cü ildə Vətənə xidmət borcunu ödəyir. Hərbi xidmətdən qayıtdıqdan sonra da müxtəlif hərbi orkestrlərdə fəaliyyət göstərir. Bundan başqa, dostları ilə yaratdığı musiqi qruplarında həvəslə çıxış edir.

 

Tamerlanın musiqiyə olan böyük sevgisi onu simli alətlərdə də özünü sınamağa həvəsləndirir. O həm də gitarada ifa etməyə başlayır. Nənəsi ilə yaşayan Tamerlan həmişə onu hər hansı bir uğuru ilə sevindirməyə can atırdı. Hətta nənəsinin ad günündə dostları ilə birgə ona sürpriz də hazırlayır. Sevimli nənəsinin istəyi ilə musiqi təhsilini daha da artırmaq üçün 2016-cı ildə Sumqayıt Musiqi Kollecinə tuba ifaçılığı üzrə daxil olur. Kollecdə, eləcə də dövlət əhəmiyyətli tədbirlərdə Tamerlan nəfəsli və zərb alətlərindən ibarət kiçik dəstəsi ilə fəal iştirak edir. Olduqca istedadlı, mükəmməl musiqi bacarığına malik olan bu gənc Orkestr alətləri şöbəsində nadir alət olan tuba ifaçısı kimi respublika, eləcə də müxtəlif səviyyəli beynəlxalq müsabiqələrdə diplomlara layiq görülür.

 

Musiqiyə, ailəsinə, sevimli nənəsinə olan sevgisi onun torpağına, Vətəninə olan bağlılığının önünə keçə bilmir. Tamerlan Mahmudov könüllü olaraq sentyabrın 27-dən başlayan Vətən müharibəsinə yollanır. Xalası bildirir ki, sonuncu dəfə oktyabrın 17-də səhər onlara zəng edib. Ailəsinə onları çox sevdiyini, bir müddət onlara zəng vura bilməyəcəyini deyir. Daha sonra onları yaxşı bir xəbərin gözlədiyini də əlavə edir. Həmin gün Füzuli şəhərinin işğaldan azad olunması xəbəri Tamerlanın ailəsini çox qürurlandırır. Çünki bu qələbədə oğullarının da payı vardı. Oktyabrın 18-də isə Tamerlan qəhrəmancasına şəhid olur.

 

Tamerlanın şəhadət xəbəri ailəsi qədər onun dostlarını, döyüş yoldaşlarını çox üzür. Hərbi orkestr kollektivinin Tamerlanın məzarı üstündə ifa etdiyi Azərbaycanın Dövlət himni isə dostlarının ona vidası kimi qəbul oluna bilər. Canını fəda etdiyin torpaqda rahat uyu, şəhidim. Çünki qanının axdığı o torpaqlar indi azaddır. Hər qarışı üçün can alıb, can verdiyiniz o torpaqlarda indi üçrəngli bayrağımız dalğalanır.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 23 dekbar.- S.4.