Milli yaddaşa işıq tutan bəstəkar

 

Mobil Babayev-75

 

 

Əməkdar incəsənət xadimi, sevilən bəstəkar Mobil Babayevin dekabrın 23-də 75 yaşı tamam olur. Vətən torpaqlarımızın azad olunduğu, fərəh və qürur hissləri yaşadığımız günlərdə yubileyini qeyd edən sənətkar XX əsrin 70-ci illərində yaradıcılığa başlayan bəstəkarlar nəslinin və Cövdət Hacıyev məktəbinin istedadlı və ən layiqli nümayəndələrindən biridir.

 

M.Babayev müxtəlif janrlarda çoxsaylı əsərlərin – 5 simfoniya, simfoniya-rekviyem, simfonik poema, fortepianokamera orkestri üçün konsert, violaorkestr (kamerasimfonik) üçün 2 konsert, 3 oratoriya, 2 kantatanın müəllifidir. 50-dən çox bədii, sənədli, elmi-kütləvi və cizgi filminə musiqi yazıb. O, həmçinin caz orkestriestrada simfonik orkestri üçün çoxsaylı kompozisiyaların, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnının və s. müəllifi kimi tanınır.

 

Bəstəkarın yaradıcılıq üslubu onun bütün janrlarda təqdim etdiyi əsərlərində qəlboxşayan və yaddaqalan melodiyalar yaratmaq qabiliyyəti ilə diqqəti cəlb edir. Bütün əsərlərində melodiya faktoru formayaradıcı vasitə kimi çıxış edərək musiqinin digər vacib ifadə vasitələri – metr-ritm amili, Avropamilli lad-məqam təfəkkürünün sintezi, alətləşdirmə və orkestrləşdirmədə tembr seçimi ilə yanaşı, özünəməxsus üslub, orijinal harmonik dili ilə seçilir. Müraciət etdiyi əsərlərdəki mövzu dairəsi də böyük maraq doğurur. Xüsusilə simfonikvokal-simfonik əsərləri milli-mənəvi, fəlsəfi və ideoloji dəyərlərin təcəssümü baxımından diqqəti çəkir. Bu janrlarda yazdığı əsərlərində insanın kainatdakı roluyeri (“Ömür bitər, yol bitməz” simfoniyası, “12 not – dünən, bu günsimfonik poeması, “İnsan”, “Bu dünya” oratoriyaları, xorsimfonik orkestr üçün “Mən bu yerdən gedəli”, “Ölüm qara qarışqadır” kompozisiyaları, “Ömür geri dönə bilsə”, “İblis”, “Bu qatar” mahnıları və s.) kimi fəlsəfi düşüncələr təcəssüm olunaraq musiqinin ifadə vasitələrində və semantikasında öz ifadəsini tapır. “Məmləkətimi sevirəm” kantatası, “Ağlama, torpağım, ağlama” oratoriyası, “Qarabağ” simfoniyası, “Çanaqqalasimfoniya-rekviyemi, “Qalx, Vətən” mahnısı müəllifin milli-ideoloji düşüncə tərzinin göstəricisidir.

 

***

 

80-ci illərin sonu – 90-cı illərin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər bəstəkarların yaradıcılığında geniş şəkildə əks-səda doğurdu. M.Babayevin N.Kəsəmənlinin sözlərinə bəstələdiyi solistlər, qiraətçi, xororkestr üçünAğlama, torpağım, ağlama” adlı 3 hissəli kantata 1990-cı ilin 20 Yanvar şəhidlərinə həsr edilən (şəhidlərin qırx mərasiminədək ərsəyə gəlmişdi) ilk əsər oldu. Kompozisiya 1990-cı ildə bəstəkarın özünün dirijorluğu ilə Əliabbas Qədirov (qiraət), Flora Kərimova, Alim Qasımov və Rizvan Sədirxanov, xor və Azərbaycan TeleviziyaRadiosunun Estrada-simfonik orkestrinin ifasında təqdim edildi. 26 il sonra, 2016-cı ilin 29 yanvarında – bəstəkarın Azərbaycan Dövlət Filarmoniyasında keçirilən 70 illik yubiley tədbirində isə bu əsər yeni, genişləndirilmiş redaksiyada oratoriya kimi təqdim olundu. Əsər Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar artist Azad Şükürovun (qiraət) ifasında səsləndi.

 

Ağlama, torpağım, ağlama” 3 hissəli oratoriyası dərin məzmunlu, bugünkü günümüzlə – 44 günlük Vətən müharibəsi ilə də səsləşən maraqlı kompozisiyadır. I hissədə “Şur” məqamının sədaları altında verilən musiqi vasitəsilə Azərbaycan torpağı bir muğam harayına, bayatı sədasına, buludlara çatan dağları isə bir qalaya, igidlər yuvasına bənzədilir. II hissənin sonunda 20 Yanvar şəhidlərini vəsf etmək üçün dinləyicidə kədərlə yanaşı, təntənə, əzəmət, məğrurluq hisslərini də aşılayan “Bayatı-Qacar” muğamı oxunur.

 

***

 

Bəstəkarın 2012-ci ildə yazdığı və “Qarabağ” adlandırdığı 5 saylı simfoniyası da müəllifin vətəndaşlıq mövqeyinin təcəssümü kimi bu problemə münasibətini (simfoniyanı 2 hissədə vəhdət şəklində təqdim edən mövzular vasitəsilə) ifadə edir. Bəstəkarın 2015-ci ildə yazdığı, türk ordusunun tarixi qələbəsini əks etdirən, Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş eyniadlı simfoniya-rekviyemi də maraqlıdır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yazılan əsər Çanaqqala döyüşü ilə bağlı şair Fəxrəddin Ziyanın şeirləri əsasında xorlar da daxil edildiyi üçün simfoniya-rekviyem adlandırıb. Milli təfəkkür tərzindən irəli gələn çoxsaylı elementlərdən bəhrələnən bəstəkar apofeoz sonluqla tamamlanan bu əsərə “Osmanı” zərb muğamı, azan səsi və ağı daxil etmişdir. Bəstəkar özüqeyd edir ki, türk birliyindən irəli gələn bu savaşda Türkiyənin 253 min döyüşçüsü ilə yanaşı, 3 minə yaxın azərbaycanlı da şəhid olmuşdur və onların qardaş ölkədə  məzarları da mövcuddur.

 

***

 

M.Babayev 22 il Azərbaycan Televiziyasında Estrada-caz şöbəsinin musiqi redaktoru vəzifəsində çalışıb, keçən əsrin 80-ci illərində böyük maraqla izlənilən “Caz həvəskarları klubuverilişinin musiqi redaktoru olub. O, Azərbaycan professional bəstəkarları içərisində cazestrada musiqisinə olan həvəsi və öz əsərlərində bu sahəyə sonsuz marağı ilə də diqqət çəkir. Bəstəkarın 70 illik yubileyində filarmoniyada fortepianosimfonik orkestrin ifasında səslənən “Svinqsayağı” caz kompozisiyası belə orijinal nümunələrə misaldır. 26-27 oktyabr 2019-cu il tarixində isə Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş festivalda M.Babayevin maraqlı əsərlərindən fortepianokamera orkestri üçün konsertinin ilk ifası xüsusilə yaddaqalan olmuşdu. Solist Tural İsmayılın interpretasiyasında çox gözəl ifa olunan əsər konsert janrının fərqli bir virtuoz improvizasiya nümunəsi kimi səciyyələndirilə bilər.

 

Peşəkar bəstəkarlıq məktəbi keçmiş M.Babayev daha çox kino musiqisi və mahnı janrında işləyən müəllif kimi tanınır. “Azərbaycanfilm” kinostudiyasında uzun illər musiqi redaktoru, sonra isə baş redaktor vəzifəsində çalışan, kinonu bəstəkar üçün bir məktəb hesab edən M.Babayevin filmlərə yazdığı musiqilər də diqqətçəkəndir. “Pəncərə”, “Babamızın babasının babası”, “Mezozoy əhvalatı”, “Bircəciyim”, 4 seriyalı “Uzaq, yaxın Lütfi-Zadə” və s. filmləri misal göstərmək olar.

 

Bəstəkar Z.Vəfa, R.Rövşən, V.Səmədoğlu, M.Fərrux, R.Həmzətov, M.Svetayeva, F.Ziya, N.Kəsəmənli, İ.Dadaşov, B.Azəroğlu, M.Gülgün və digər şairlərin sözlərinə mahnılar bəstələyib. Mahnıları M.Babayev, G.Məmmədov, F.Kərimova, O.Ağayev, İ.Quliyeva, V.Tolkunova, A.Zeynalov, M.Tağıyev və başqaları, habelə “Aşıqlar” qrupu tərəfindən ifa edilib. Sənətkarın mahnılarından ibarət 4 CD (“Bağışla”, “Bu qatar”, “Ömür geri dönə bilsə”, “Kaş qayıdaq o illərə”) və videodisk işıq üzü görmüşdür. İ.Dadaşovun mətninə yazılmış “Yallı birlik rəmzidir” adlı mahnısında bəstəkar yallı rəqsinin ritmindən, zurna alətindən istifadə edir, sözləri M.Fərruxa aid olan “Həqiqət” mahnısı da, əslində, siyasi motivləri əks etdirir, B.Vəziroğlunun sözlərinə “Vətən, ilk məhəbbətim”, F.Ziyanın sözlərinə “Qalx, Vətən” mahnılarında isə vətənpərvərlik ruhu aparıcıdır. Azər Zeynalovun ifasında təqdim olunan bu mahnı sanki bu gün artıq düşməndən təmizlənən Vətən torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın dilindən səsləndirilir.

 

***

 

Yaradıcılığını hər zaman böyük maraqla tədqiq etdiyim M.Babayevin əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilib. Haqqında 2015-ci ildə yazdığım broşürə müxtəlif sənət adamlarının fikirlərini də daxil etmişdim. Görkəmli bəstəkar Vasif Adıgözəlov onu “təvazökar bəstəkar”, Xalq şairi Vaqif Səmədoğlu “mötəbər bəstəkar”, dirijor Fəxrəddin Kərimov “aranjimançı bəstəkar” kimi səciyyələndirmişdi. Xalq artisti Flora Kərimova Mobil müəllimin ziyalı təbiətini xüsusi olaraq vurğulamışdı. Onunla işləməyi özü üçün fəxarət hesab edən Xalq artisti, professor Azər Zeynalov isə yazmışdı ki, istər monumental əsərlərdə, istərsə də mahnılarda Mobil Babayevin böyük qəlbinin sevgisini, öz yaradıcılığına hədsiz ciddi münasibəti və yüksək professionallığını görürük. Bir neçə filmdə bəstəkarla əməkdaşlıq edən mərhum rejissor Ənvər Əbluc isə “Mənim aləmimdə istedadlı insanların qədrini bilmək lazımdır, şair Cabir Novruz demişkən, “Sağlığında qiymət verin insanlarafikrini vurğulamışdı.

 

Məhsuldar yaradıcılıq fəaliyyəti ilə seçilən M.Babayevin yazdığı çoxsaylı yeni əsərlər bu gün səbirsizliklə öz premyerasını gözləyir. Həyatının müdrik çağlarını, yaradıcılığının kamil dövrünü yaşayan görkəmli bəstəkar, dirijor və aranjimançı, əsl ziyalı və səmimi insan Mobil Babayevə sağlam uzun ömür və yaradıcılıq uğurları diləyi ilə

 

Güllü İSMAYILOVA

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət.- 2020.- 23 dekbar.- S.5.