Xalçaçılıq sənətinə həsr olunmuş festival

 

 

Azərbaycan Milli Xalça Muzeyi uşaqların mədəni irsimizə sevgi və hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, müxtəlif proqramlar hazırlayır, müxtəlif tədris müəssisələri ilə birgə layihələr,  ustad dərsləri reallaşdırır.

 

Bakı Avropa liseyiMilli Xalça Muzeyinin birgə layihəsi çərçivəsində reallaşan “Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalı” da bu qəbildəndir. Liseyin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirdiyi festival bu dəfə milli xalçaçılıq sənətimizə həsr olunub.

 

Şagirdlərin ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri haqqında hazırladıqları videoçarxlar liseyinFacebook” səhifəsində və “YouTube” kanalında, həmçinin Milli Xalça Muzeyinin Uşaq şöbəsinin “Facebook” səhifəsində paylaşılıb.

 

Festival çərçivəsində muzeyin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçasını tanı, tanıtdır” mövzusunda onlayn mühazirə də keçiblər.

 

Mədəniyyət.- 2020.- 29 dekabr.- S.4.