Azərbaycan dili və ədəbiyyatının xaricdə təbliğində Milli Kitabxananın rolu

 

Azərbaycan dili və ədəbiyyatının ali təhsil səviyyəsində tədrisi müxtəlif xarici ölkələrdə də həyata keçirilir.

 

Qardaş Türkiyədə Azərbaycan dili və ədəbiyyatı ayrıca fənn olaraq QaziAnkara universitetlərinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə 1992-ci ildən etibarən tədris olunmağa başlanmış və hazırda tədris 19 universitetdə (Ankara, Hacı Bayram Vəli, Hacettepe, İstanbul, Fırat, Kastamonu, Nevşehir, Qars Qafqaz, Atatürk, Dicles.) davam etməkdədir. Türkiyədəki universitetlərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi bakalavr, magistraturadoktorantura proqramlarını əhatə edir. Bu bölümlərin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı monoqrafik tədqiqatlar, dissertasiyalar, məqalələr ortaya çıxmışdır.

 

Azərbaycan dili və ədəbiyyatı Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə 4 semestr ərzində tədris edilir. Tədrisə ərəb və kiril əlifbalarının öyrədilməsi ilə başlanılır və daha sonra Azərbaycan dilinin qrammatikası tədris edilir. Bundan başqa, tədris proqramında “Azərbaycan xalq ədəbiyyatı” və “Müasir Azərbaycan ədəbiyyatı” dərsləri də yer almaqdadır.

 

Universitetimizdə Azərbaycan dili və ədəbiyyatı dərsləri ilə paralel surətdə Azərbaycan mədəniyyəti və təqvimdəki əlamətdar günlərlə bağlı tədbirlər də həyata keçirilir. Bu baxımdan Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin tədrisi və araşdırılması üçün dərsliklərə, kitablara, ümumiyyətlə, qaynaqlara ciddi ehtiyac duyulur. Magistraturadoktoranturada təhsil alan tələbələr üçün isə Azərbaycandakı qaynaqların əksəriyyəti əlçatmazdır.

 

İnformasiya texnologiyalarının inkişafı kitabxana sahəsinə də böyük töhfə verməkdədir. Sanballı qurumların əksəriyyətinin elektron kataloqları və rəqəmsal kolleksiyaları mövcuddur. Ehtiyacımız olan hər hansı bir mənbəni elektron kataloqdan tapdıqdan sonra ya tam ödənişsiz, ya da çox cüzi məbləğ ödəməklə saniyələr içərisində əldə edirik. Məsələn, yek.gov.tr, dijital-kutuphane.mkutup.gov.tr, dlib.ical.ir/faces/home.jspx, prlib.ru/collections, archive.nyu.edu, hathitrust.org/home, bsb-muenchen.de/ens. kimi elektron qaynaqlar Azərbaycan ədəbiyyatı ilə bağlı mənbələri də əhatə etməsi baxımından qiymətlidir.

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və Azərbaycan mədəniyyətinin təbliğində kitabxanaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycanla bağlı aparılan tədqiqatlar kitabxanaların elektron xidmətləri vasitəsilə dünyaya yayılır. Bu baxımdan Azərbaycan Milli Kitabxanasının elektron xidmətləri (anl.az), “Elektron məlumat bazaları” (anl.az/new/az/pages/60), “Virtual sərgi” (anl.az/new/az/pages/79) kimi fəaliyyətləri təqdirəlayiqdir. Kitabxananın bu xidmətləri xüsusilə xaricdə yaşayan tədqiqatçılar üçün əvəzsizdir. Bununla Milli Kitabxana xaricdə yaşayan tədqiqatçılara, habelə Azərbaycan tarixini, mədəniyyətini tədqiq edən tələbə və araşdırmaçılara təmənnasız xidmət göstərir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tədrisi və tədqiqi ilə məşğul olan araşdırmaçı kimi Milli Kitabxananın bu fəaliyyətini və xüsusən elektron sifariş xidmətini alqışlayır, tələbələrim və öz adımdan kitabxananın fədakar əməkdaşlarına sonsuz təşəkkürümü bildirirəm.

 

Milli Kitabxanadan başqa, Prezident Kitabxanasının elektron kitabxanasından da (ebooks.az) bəzi kitabları əldə etmək mümkündür. Mədəniyyət Nazirliyinin tabeliyində olan Kitabxana Kollektoru da (bookcollector.az) bəzi sənəd növlərini əldə etmək üçün əhəmiyyətli elektron qaynaqdır.

 

Azərbaycan Milli Elmlər Akademiyası institutlarının elektron kitabxanalarında da bu qurumların əməkdaşlarının bəzi tədqiqatlarına və elmi topluların bəzi saylarına yer verilmişdir. Ancaq bütün bunlar Milli Kitabxananın elektron xidmətləri ilə müqayisə oluna bilməz. AMEA və universitet kitabxanalarının da elektron xidmətlərini daha da təkmilləşdirəcəyinə ümid edirik. Azərbaycanda aparılan tədqiqatların, nəşr olunan kitabların rəqəmsal kitabxanalar vasitəsilə dünyaya açılması Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynayacaq və alimlərimizin əsərlərinə istinadı ciddi şəkildə artıracaqdır.

 

Vüsalə MUSALI

Kastamonu Universiteti Fənn ədəbiyyat fakültəsi Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün professoru

 

Mədəniyyət.- 2020.- 11 dekabr.- S.7.