“Mifologiya elçisi Kamal Abdulla ərməğanı”
Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi münasibətilə Türkiyədə “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı işıq üzü görüb.
Kitab yazıçı, elm adamı və ictimai xadim Kamal Abdulla şəxsiyyətinə ehtiram olmaqla yanaşı, akademikə həsr edilmiş elmi məqalələri özündə birləşdirən dəyərli nəşrdir. Ön sözün müəllifi – tanınmış türkoloq, professor Əhməd Bican Ərcilasun qeyd edir ki, kitab təkcə görkəmli alim və yazıçıya ərməğan yox, həm də Kamal Abdullanın türkologiya və filologiya elminə ərməğanıdır.
Nəşrdə təkcə türk dünyasının deyil, dünyanın müxtəlif ölkələrinin bir çox görkəmli elm adamlarının, ictimai xadimlərinin imzalarını görə bilərik. Kitabda Oljas Süleymenov (Qazaxıstan), Zeynep Qorxmaz (Türkiyə), Mirfatix Zəkiyev (Rusiya-Tatarıstan), Franko Kardini (İtaliya), Maks Statkeyeviç (ABŞ) kimi bir çox görkəmli yazarların, elm adamlarının, ictimai xadimlərin Kamal Abdulla haqqında ürək sözləri, elmi araşdırmaları yer alıb. Kitabda ümumilikdə 25 ölkədən 121 alim, yazıçı və ictimai xadimin yazıları toplanıb.
Kitabın baş
redaktoru Əhməd Bican
Ərcilasun, redaksiya heyətinin üzvləri
Azərbaycan, Türkiyə, Gürcüstan,
Rusiya, Fransa, İtaliya və Qazaxıstandan olan
elm adamları, tərtibçiləri Azərbaycandan
“Türkologiya” jurnalının məsul katibi, dosent Elçin İbrahimov,
Türkiyədən “Türk Ədəbiyyatı”
dərgisinin baş redaktoru,
dosent Bəxtiyar Aslan
və Türk Ədəbiyyatı Vəqfinin
başqanı İmdat Avşardır. Kitab “Türk ədəbiyyatı
nəşrləri” silsiləsindən Yunus
Əmrə İnstitutunun və Qafqaz Universitetlər Birliyinin
birgə təşəbbüsü və dəstəyi ilə
nəşr olunub.
Mədəniyyət.- 2020.- 11 dekabr.- S.7.