Regional mədəniyyət idarələrindən xəbərlər

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş onlayn konfrans keçirilib. Konfransda Kürdəmir şəhər 1,3,5,6 saylı məktəblərin şagird və müəllimləri iştirak ediblər. Mərkəzin direktoru Dürriyə Seyidova ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında danışıb. Sonra konfrans iştirakçıları Heydər Əliyev muzeyinə virtual ekskursiya ediblər.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan zəfər münasibətilə videokonfrans keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə tariximizə yeni səhifə yazılıb. Bu tarixi qələbənin qazanılmasında kitabxana işçilərinin də övladları və ya qohumları iştirak edib. Bu gözəl günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna  təşəkkürümüzü bildiririk.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Gəraybəyli kənd kitabxanası və Ağsu rayon Mərkəzi kitabxanası Vətən müharibəsində qəhrəmancasına həlak olmuş igidlərimiz haqqında “Şəhidlərimizi tanıyaq” başlıqlı videoçarx hazırlayıb.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı Vətən müharibəsində şəhid olmuş Həndi Elbrus oğlu Əliyevin ailəsi ilə onlayn görüş keçirib. Filialın müdiri Firuzə Yunisova şəhidin Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidlikdən danışıb. Şəhidin ailə üzvləri onun qısa həyat yolundan söz açaraq, xatirələrini bölüşüblər.

 

Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğumövzusunda onlayn tədbir keçirib. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qeyd edib ki, ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Bugünkü qüdrətli Azərbaycan Ordusunun təməli də Heydər Əliyev tərəfindən qoyulub.  Ordu quruculuğu işini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bugünkü tarixi zəfəri xalqımıza bəxş etdi.

 

***

 

Masallıda və ölkəmizin bir sıra rayonlarında fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının iştirakı ilə ”Tariximizin yeni nəfəsi” mövzusunda onlayn konfrans keçirilib. Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva onlayn tədbiri açaraq iştirakçıları Vətən müharibəsində qazanılan möhtəşəm zəfər münasibətilə təbrik edib.

 

Qeyd edib ki, muzey müəssisələri bundan sonrakı fəaliyyətlərində daha da məsuliyyətli olmalı, hər bir tarixi eksponatın qorunmasına və gələcək nəsillərə tanıdılmasına daha böyük səylə çalışmalıdırlar.

 

Videokonfransda Qubadlı, Laçın, Zəngilan, Xocalı və Cəbrayıl rayon Tarix-Diyarşünaslıq muzeylərinin direktorları mövzu ətrafında çıxış ediblər.

 

***

 

Şəmkir Gənclərinin Mədəni İnkişafı İctimai Birliyi Ordumuzun tarixi qələbəsi münasibətilə ‘’İgid əsgər – xalqın zəfəri” adlı videoklip təqdim edib. Klipin əsas obrazını canlandıran gənc mədəniyyət işçisi Anar Əliyev bildirib ki, xalqımızın tarixi qələbəsini özündə əks etdirən layihədə yer almaq qüruvericidir. İdeyası Tural Əliyevə, musiqisi Vüqar Qurbanova, sözləri Maşallah Dünyamalıyevə aid olan layihənin operatormontaj işi Şamil Muradlıya məxsusdur.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 11 dekabr.- S.3.