Müharibənin bitməsinə saatlar qalmış...

 

 

Tacəddin Şahəddin oğlu Əzizli Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan 2783 nəfər Vətən övladından biridir.

 

1994-cü ilin 7 avqustunda Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-ci ildə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2004-cü ildən təhsilini Bakıda, Səbail rayonu Rəfail Hüseynov adına 49 nömrəli məktəb-liseydə davam etdirib. 2011-ci ildə məktəbi bitirib. 2012-ci ildə Ukraynada Xarkov Dövlət Ticarət Qida Sənayesi İnstitutuna qəbul olub. Ali təhsilini başa vurduqdan sonra, 2017-ci ildə Vətənə qayıdaraq hərbi xidmətə yollanıb. Nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub. 2018-ci ildə hərbi xidməti başa vurub. Şirkətlərin birində ixtisası üzrə işləyirdi.

 

Atası Şahəddin Əzizlinin sözlərinə görə, oğlu hələ 21 sentyabrda könüllü olaraq orduya yazılmışdı: “Müharibənin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində döyüşlərə qatılıb. Döyüş yoldaşları Tacəddinin Füzulinin Ələsgərli kəndi istiqamətində gedən döyüşlərdə xüsusilə şücaət göstərdiyini deyirlər. Onlara verilən əmrə əsasən, oktyabrın 28-də Tacəddin üç döyüş yoldaşı ilə birgə düşmənin postunu ələ keçirirlər. Çox sayda canlı qüvvəni məhv etməklə düşmənə məxsus 4 avtomobil xeyli silah-sursat ələ keçirirlər. Sonra Cəbrayıl-Hadrut istiqamətində döyüşürlər”.

 

Tacəddinin döyüş yolu daha sonra Şuşa istiqamətində davam edib. Şuşa döyüşlərində düşmənlə əlbəyaxa döyüşünə qatılıb. 9 noyabrda, hərbi əməliyyatların dayandırılmasına bir neçə saat qalmış, Laçın istiqamətində döyüşdə şəhid olub.

 

Şəhid Tacəddin Əzizli 14 noyabrda doğma kəndində dəfn olunub.

 

Nur içində yatsın.

 

 

Mədəniyyət.- 2020.- 11 dekabr.- S.5.