Kitabxanalarda Gənclər Günü

 

 

Azərbaycan Milli Kitabxanasında Gənclər Günü ilə əlaqədar “Gəncliyimiz sabahımızdır” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə gənclərə dövlət qayğısından bəhs edən Azərbaycan və xarici dillərdə nəşr olunan kitabdövri mətbuat materialları nümayiş olunur.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında isə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi ilə birlikdə “Gənclər gələcəyimizin qurucularıdır” adlı musiqili ədəbi-bədii gecə keçirilib.

Kitabxananın direktoru Oruc Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən bəhs edib.

Aktyor İlham Əzizin ifasında şeirlər, Mədəniyyət mərkəzinin üzvləri Elşən Osmanov, Telli Əbilova, Röyal Yaşarın ifasında mahnılar səslənib. Sonda tədbir iştirakçıları mövzu üzrə kitab sərgisinə baxıblar.

***

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi və Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzi ilə birlikdə “Gənclər gələcəyimizin qarantıdır” adlı tədbir keçirilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova gəncləri təbrik edərək bildirib ki, Azərbaycanda gənclərə qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Tədbirdə kitabxanada təşkil olunacaq könüllülər qrupu ilə bağlı fikir mübadiləsi aparılıb. Könüllülər “Gənclər gələcəyin qarantıdır” adlı kitab sərgisi və kitabxananın şöbələri ilə tanış olublar. Sonda könüllülər qrupuna daxil olmaq istəyən gənclər qeydiyyata alınıb.

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.3.