“Yığılıb dağ kimi hər yanda kitab...”

 

Keçmişdən günümüzə kitablar oxuculara necə çatdırılıb?

 

Yazının sərlövhəsinə çıxardığımız misra böyük Mirzə Ələkbər Sabirin məşhur “Çatlayır, Xanbacı, qəmdən ürəyim” satirik şeirindəndir. Unudulmaz şair şeirdə “Biz olan evdə haçan vardı kitabritorik sualını da oxucuya ünvanlayır. BizSabirin bu misrasından yola çıxaraq keçmişdən günümüzə kitabların oxuculara necə çatdırılmasını araşdırmaq istədik...

Ötən əsrin 30-cu illərində Azərbaycanda məktəblərin və məktəblilərin sayı durmadan artır, kitab oxuyanların sayı çoxalır və beləliklə, kitaba tələbat yüksəlirdi. Kitab nəşrinin və yayımının genişləndirilməsi zərurətə çevrilirdi. Bu işin ayrıca bir qurum tərəfindən həyata keçirilməsi, vahid sistemin yaradılması qaçılmaz idi. Ona görə də Azərbaycan Dövlət Nəşriyyatının Kitab ticarəti şöbəsi 1933-cü il avqust ayının 1-dən etibarən müstəqil kitab ticarəti qurumu kimi - “Azərkitab” adı ilə fəaliyyətə başladı. Bu dövrə qədər həmin şöbə kifayət qədər maddi-texniki imkanlara və təcrübəyə malik idi.

Yarandığı gündən “Azərkitab” mərkəzləşdirilmiş, universal kitab yayımı qurumuna çevrildi, öz işini respublikada kitab nəşrinin artan həcminə və oxucu tələbatına uyğun olaraq genişləndirdi. Respublikanın bütün şəhərlərində, şəhər tipli rayon mərkəzlərində və qəsəbələrdə kitab yayımı ona həvalə edilmişdi. 1980-ci ildə “Azərkitab” sistemində 101 kitab mağazası və 60 kitab köşkü fəaliyyət göstərirdi. 1989-cu ildə kitab mağazalarının sayı isə 117-yə çatmışdı.

“Azərkitab” və onun yerli qurumları il ərzində daha çox satılan, oxucu tələbatı hiss edilən kitabları müəyyənləşdirir, onları ümumiləşdirərək növbəti il üçün nəşriyyatların mövzu planlarının müzakirəsində öz təkliflərini verirdi. Bu üsul qalıq kitabların sayını azaldır, nəşriyyatlara böyük fayda gətirirdi. Ona görə də nəşriyyatlar əksər hallarda kitabları çapa imzalayarkən “Azərkitab”dan, “Kəndkitab”dan və “Kitabxana kollektorundan dəqiqləşdirilmiş sifarişlər alır, onların əsasında yekun tirajı müəyyənləşdirirdilər. Bu da kitab yayımında öz səmərəsini verirdi.

80-ci illərin sonlarından ictimai-siyasi proseslər üzündən bu sahədə bir durğunluq müşahidə olunmağa başlayır. Yeni kitab mağazaları açılmırdı, 1993-cü ildə cəmi 35 kitab köşkü qalmışdı. Bu da əhalinin sayına nisbətdə orta statistik göstəricilərdən olduqca az idi. Bu dövrdə respublikamızda digər sahələr kimi kitab işi də tənəzzül yaşamalı oldu. Əksər nəşriyyatların fəaliyyəti dayandı, “Azərkitab”ın da bir çox mağazaları ləğv olundu.

Sovet dövründə Azərbaycanda topdansatış kitab ticarəti ilə məşğul olan ikinci böyük qurum “Kəndkitab” olub. 1968-ci ildə yaradılan qurumun əsas vəzifəsi rayonları və kəndləri kitabla təmin etmək idi. Azərbaycan oxucusunu kitabla təmin edən qurumlardan biri də “Akademkitabidi.  Azərbaycan Elmlər Akademiyasının nəşr elədiyi kitabların satışı ilə məşğul olan “Akademkitab”ın Bakının mərkəzində iki böyük mağazası vardı. “Elm” nəşriyyatının çap məhsulları bu mağazalarda satılırdı. Burada digər nəşriyyatların da məhsullarının satışı həyata keçirilir, həmçinin keçmiş müttəfiq respublikaların və bir sıra xarici ölkələrin nəşriyyatları ilə də əməkdaşlıq edilirdi. “Akademkitab”ın kitab mağazaları indimövcuddur.

***

Bu gün ölkəmizdə kitab və nəşriyyat işi artıq özəl sektorun iştirakı ilə inkişaf edir. Dövlət də bu sahəyə öz dəstəyini verir. Azərbaycan müəlliflərinin əsərləri xarici dillərə tərcümə edilərək yayılır. Eyni zamanda dünya xalqlarının əsərləri dilimizə çevrilərək oxuculara çatdırılır.

Hazırda kitabların oxuculara çatdırılmasını həyata keçirən xüsusi qurum yoxdur. Lakin kitabxanaları müxtəlif nəşrlərlə təmin edən Respublika Kitabxana Kollektoru fəaliyyət göstərir. Lazım olan ədəbiyyatı mövcud kitabxanalar vasitəsilə, yaxud da xarici ölkələrdən onlayn şəkildə əldə etmək mümkündür.

Elektron kitabxana uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana bütün gün ərzində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Yəni oxucu günün istənilən vaxtı elektron kitabxanaya daxil olaraq istədiyi nəşrlərdən yararlana bilər.

P.S. Çağımızda informasiya texnologiyalarının, internetin sürətli inkişafı nəticəsində elektron kitab klassik kitabı xeyli dərəcədə sıxışdırıb. Amma oxucuların zövqünə, dövrün tələblərinə uyğun kitablara həmişə zərurət var.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.7.