Əsərləri ilə əbədiyaşarlıq qazanmış bəstəkar

 

Qara Qarayevin ev-muzeyində xatirə mərasimi keçirildi

 

Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın anadan olmasının 102 illiyinə həsr edilən tədbir keçirildi.

Mərasimdə Mədəniyyət nazirinin birinci müavini Vaqif  Əliyev, nazirliyin Aparat rəhbəri Fikrət Babayevmusiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbiri açıq elan edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova qonaqları salamladı. Diqqətə çatdırdı ki, dahi bəstəkar Qara Qarayevin doğum günü silsilə tədbirlərlə qeyd edilir:Sevindirici haldır ki, artıq ikinci ildir böyük sənətkarın doğum günü ilə bağlı tədbiri onun ev-muzeyində keçiririk. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu muzey bəstəkarın irsinin gənc nəslə təbliğində mühüm əhəmiyyətə malikdir”.

Direktor onu da diqqətə çatdırdı ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda səfərdə olan Moskva şəhəri Qara Qarayev adına Musiqi məktəbi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moskvada dahi bəstəkarımızın adını daşıyan məktəblə əməkdaşlıqdan söz açan Alla Bayramova dedi ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi məktəbə hər zaman dəstək göstərib, orada Qara Qarayevin həyat və fəaliyyətini,  yaradıcılığını əks etdirən stendin yaradılmasında yaxından iştirak edib.

Qara Qarayevin ev-muzeyinin direktoru, pianoçu Züleyxa Qarayeva-Bağırova atasının xatirəsini əziz tutub yad etdikləri üçün tədbir iştirakçılarına təşəkkürünü bildirdi: “Ailə olaraq atamın sağlığında bu günü həmişə dostların, qohumların, atamın sevimli tələbələrinin əhatəsində qeyd edərdik. İllər keçib, özü dünyada olmasa da, yenə də sevənləri bir araya gəlib onu yad edirlər. Bu sevgiyə görə hər kəsə minnətdaram”.

Moskva şəhər Qara Qarayev adına Musiqi məktəbinin müəllimi Valeri Matryaşin dahi bəstəkarın ev-muzeyi ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, Qara  Qarayevin adını daşıyan məktəbdə hər il bəstəkara həsr olunmuş müsabiqənin keçirildiyini dedi.

Daha sonra Moskva şəhər Qara Qarayev adına Musiqi məktəbinin müəllim və şagirdləri, Bakı şəhər musiqi məktəblərinin şagirdləri və Əməkdar artist Adilə Əliyeva bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim etdilər.

Konsert proqramından sonra Alla Bayramova onu da nəzərə çatdırdı ki, ötən il Qarayevlər ailəsi üçün daha bir əlamətdar tarixlə yadda qalıb. Qara Qarayevin qardaşı, görkəmli cərrah Mürsəl Qarayevin (1919-1975) 100 illik yubileyi qeyd edilib, ona həsr olunmuş film çəkilib.

Şair-publisist Səlim Babullaoğlu çıxış edərək vurğuladı ki, bir ailənin görkəmli üzvünü xatırlayarkən digər üzvlərin də millət, xalq üçün layiqli vətəndaş olduğunu görürük: “Bu ailənin üzvlərindən Azərbaycan elminə, mədəniyyətinə şöhrət qazandıran görkəmli şəxsiyyətlər yetişib. Bu insanlardan biri də Azərbaycan tibb elmində böyük xidmətləri olan Mürsəl Qarayevdir”.

Daha sonra Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olundu. Filmin ssenari müəllifləri Səlim Babullaoğlu və Əməkdar artist Rafiq Həşimov, rejissoru Rafiq Həşimov, operatoru Rüfət Süleymanovdur.

 

LALƏ

 

Mədəniyyət.-2020.- 7 fevral.- S.3.