Özbəkistan telekanalında mədəni irsimizdən söhbət açılıb

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları Özbəkistanın Mənim yurdum 5 televiziya kanalının Omon Omon verilişində ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri haqqında məlumat veriblər.

Verilişdə AMM-in əməkdaşı Yusif Məmmədov mərkəzin fəaliyyəti, buradakı muzey və dərnəklər, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, Özbəkistanın müxtəlif vilayətlərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, mərkəzin təşəbbüsü ilə Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı özbək dilində çap olunan kitablars. haqqında söhbət açıb.

Mərkəzin Azərbaycan dili müəllimi Salama Fətəliyeva xalqlarımızın oxşar mədəniyyəti, milli xalçaçılıq sənəti, Qarabağın milli qadın və kişi geyimləri haqqında ətraflı məlumat verib, həmçinin verilişdə bu geyimlər nümayiş etdirilib.

AMM-in nəzdindəki Azərbaycan qızları rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva ölkəmizin rəqs mədəniyyəti, Tərəkəmə, Nəlbəki, Yallı və digər rəqslərimiz haqqında söhbət açıb.

Özbəkistanda tanınan saz ifaçısı İlham Abdullayev qədim saz havalarını çalıb, Azərbaycan qızları ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Mədəniyyət.- 2020.- 7 fevral.- S.8.