Detektiv əsərlər müəllifi

 

 

 

Özünəməxsus yaradıcılıq üslubuorijinal mövzularla oxucuların qəlbinə yol tapan yazıçılarımızdan söz düşəndə xatırlananlardan birinasir, jurnalist, ssenarist Cəmşid Əmirov olur. Azərbaycan ədəbiyyatında detektiv janrın banisi kimi tanınan yazıçının bir neçə əsəri əsasında filmlər də çəkilib.

Cəmşid Cabbar oğlu Əmirov 10 fevral 1918-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Orta məktəbi uğurla başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutuna qəbul olunur. Tələbə ikən qəzet və jurnallarda məqalələri işıq üzü görür. Öz ixtisası üzrə (mühəndis-geoloq) işləmək həvəsi zəifləyir və jurnalistikaya bağlanır.

Ədəbi yaradıcılığa 1940-cı ildə oçerk, felyeton və hekayələrlə gələn Cəmşid Əmirov bir müddət sonra “Azərbaycan gəncləri” qəzetində işə düzəlir, “Gənc işçi” qəzetində şöbə müdiri, “Bolşevik” qəzetində məsul katib işləyir.

İkinci Dünya müharibəsində iştirak edir, Polşa, Çexoslovakiya, AlmaniyaAvstriyada olur. “Vətən müharibəsı” ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə” və s. medallarla təltif olunur.

Ordudan tərxis ediləndən sonra “Azərbaycan gəncləri” qəzetində işinə bərpa olunur. “Sovet ticarəti” (Moskva) qəzetində xüsusi müxbir, “Neftnəşrdə” baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri vəzifələrində çalışır. Yazıçı 1969-cu ildə Bakı Maliyyə-Kredit Texnikumuna direktor vəzifəsinə təyin olunur. 1972-ci ilə kimi bu vəzifədə çalışır.

Cəmşid Əmirov Azərbaycan ədəbiyyatında detektiv janrına müraciət edən ilk yazıçılardan hesab olunur. Yazıçının 1962-ci ildə işıq üzü görən “Brilyant məsələsi” kitabı ədəbi mühitdə dərin marağa səbəb olur. Ədəbi tənqidçilər əsərin belə sevilməsinin səbəbini Azərbaycan ədəbiyyatında bu janra ilk dəfə müraciət olunması ilə əlaqələndirirlər. Əsərdə konkret cinayət və o cinayətin üstünü açan konkret istintaqçı yoxdur. Burada polisin (o dövrdə milis) mütəşəkkil şəkildə fəaliyyətindən və drujinaçıların onlara köməyindən bəhs olunur. Yazıçı povestin baş qəhrəmanlarını – Yədullanı və Zerkola Klaranı real həyatdan götürüb. Əsərin məzmunundan məlum olur ki, Yədulla polis tərəfindən ifşa olunur. Amma polisdən qaça bilir. Bir müddət Ukraynada gizlənir. O, bir də əsərin sonlarında peyda olur. Bu ərəfədə mənzil oğurluğu baş verir. Ev sahibəsi əməliyyatçı kapitan İsayev tərəfindən nəzarətdə saxlanılır. Ev sahibəsinin telefon danışıqları dinlənəndən sonra o, həbs olunur...

Yazıçının ikinci kitabı Azərbaycan çekistlərinin və milis işçilərinin həyatından, onların çətin işindən bəhs edən “Sahil əməliyyatı” povestidir. Müəllif bu əsəri ilə respublika hüdudlarından çox-çox uzaqlarda tanınır, povest bir neçə dilə tərcümə olunur. Əsər  kinematoqrafçıların da diqqətini çəkir və rejissor Əlisəttar Atakişiyev onun əsasında “İstintaq davam edirfilmini lentə alır.

C.Əmirovun oxucu rəğbəti qazanan daha bir əsəri 1966-cı ildə çap olunanQaraVolqa” romanıdır. Roman Azərbaycan detektiv ədəbiyyatının ən parlaq nümunələrindən sayılır. Əsərdə Pəncəli Aslanonun dəstəsinin Böyük Vətən müharibəsindən sonra Bakı şəhərində törətdiyi cinayətlərdən bəhs edir. Əsərin qəhrəmanı Pəncəli Aslan qadındır. Qızı dünyaya gələn ata bu tale ilə razılaşmır, ona görə də qızına Aslan adı qoyur. O, böyüyürçox qəddar olur, kriminal dünyaya meyil edir. “Pəncəli” ləqəbini qazanır. Əsər əsasında rejissor Elşən Məmmədov tərəfindən 1994-cü ildə film çəkilib.

Ömrünün müdrik, yaradıcılığının coşqun çağlarında “Çətin ” romanı və “İkimənalı teleqram” hekayəsi üzərində işləyən C.Əmirov bu əsərləri tamamlaya bilmir. Yazıçı 29 dekabr 1982-ci ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.7.