Ümumtürk mirasının nə qədər zəngin olduğunu dünyaya sübut etməliyik”

 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin xəbər agentliklərinin əməkdaşlarına müsahibə verib

 

“Azərbaycan və Türkiyə arasında əlaqələr o qədər dərindir ki, bəzən mədəniyyətlərimizi bir-birimizə tanıtmağı belə unuduruq. İstərdik ki, Azərbaycanın mədəniyyət və incəsənəti Türkiyədə daha çox tanıdılsın, eyni zamanda Türkiyə mədəniyyəti ölkəmizdə daha geniş təbliğ olunsun”.

Mədəniyyət naziri Əbülfəs Qarayev bu fikirləri Türkiyənin “Anadolu”, “İhlas” (İHA) və “Demirören” (DHA) xəbər agentliklərinin əməkdaşlarına müsahibəsində deyib. 9 fevralda keçirilən Milli Məclisə növbədənkənar seçkiləri izləmək üçün ölkəmizə gələn media mənsubları nazirlə görüşüblər.

Əbülfəs Qarayev jurnalistlərlə söhbətində ölkəmizin zəngin mədəni irsindən söz açıb, bu zənginliyin dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.

Nazir Ermənistanın işğalı altında olan torpaqlarımızdakı tarixi-mədəni abidələrimizin talan edilərək dağıdıldığını, həmçinin mədəni irsimizin mənimsənilməsinə cəhdlərin davam etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın heç bir ölkənin mədəni irsində gözü yoxdur, eyni zamanda biz öz mədəni irsimizin başqaları tərəfindən mənimsənilməsinə imkan verməyəcəyik: Bu işdə biz yalnız deyilik, türk dövlətləri, o cümlədən Türkiyə Cümhuriyyəti bu məsələdə bizim yanımızdadır. İşğal altında olan Azərbaycan torpaqlarında bərpa adı ilə tarixi abidələrimiz saxtalaşdırılır və təhrif olunur. Türkiyə bu cəhdlərə qarşı mübarizəmizdə bizə hər zaman öz dəstəyini göstərir”.

Əbülfəs Qarayev Azərbaycanın Türkiyə ilə, digər türkdilli ölkələrlə UNESCO-da da birlikdə çalışdığını bildirib: “Birgə zəhmətimiz sayəsində UNESCO siyahısına daxil etdiyimiz irs nümunələrimiz var. Məsələn, Novruz bayramını ümumi miras olaraq təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etdik. Çünki Novruz bizi birləşdirən dəyərdir. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanı Türkiyədə də, Türkmənistanda da, Qazaxıstanda da eyni adla tanınır. Türk xalqlarının bu söz abidəsi də bizi birləşdirir”.

Nazir qeyd edib ki, irs nümunələrimiz UNESCO-nun siyahısına daxil olduqdan sonra onlardan daha səmərəli istifadə etməli, onların təbliğatını daha da genişləndirməliyik: “Ötən il Bakı şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildi. Bu bizim üçün qürurdur. Biz özümüzü türk mədəniyyətinin ayrılmaz bir hissəsi kimi görürük”.

Vurğulanıb ki, Azərbaycanla Türkiyə beynəlxalq aləmdə hər zaman bir-birinə dayaq olur. Bizim bir millət olaraq dünyada iki səsimiz var: “Hörmətli Prezidentimiz cənab İlham Əliyev Türkiyəni hər zaman Azərbaycana ən yaxın və qardaş ölkə kimi görür. Azərbaycan və Türkiyə bu gün bölgənin aparıcı nəqliyyat, neft-qaz layihələrini həyata keçirirlər”.

TÜRKSOY çərçivəsində əməkdaşlıqdan da söz açan Əbülfəs Qarayev deyib ki, bu təşkilat fəaliyyətində bütün türk mədəniyyətlərini birləşdirir. Harada türk xalqı varsa, biz onların da mədəniyyətini qorumalıyıq. Dünyanın müxtəlif ölkələrində türk mədəniyyətini qorumalı, dünyaya bu mirasın nə qədər qədim və zəngin olduğunu sübut etməliyik.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.4.