Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu il Qazaxıstanda Şərqin böyük filosofu Əl-Fərabinin anadan olmasının 1150 illik, qazax şairi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin keçirilməsində fəal iştirak edəcək. Bu barədə Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə söhbət açılıb.

Əvvəlcə qonaqlar Fondun binasında türkdilli xalqların mədəniyyətini, adət-ənənələrini əks etdirən muzeylə tanış olub, gənc muğam ifaçılarının çıxışını dinləyiblər.

Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib, o cümlədən ötən ilin oktyabrında Bakıda keçirilən Türk Şurasının VII Zirvə görüşünə həsr olunmuşTürk dünyası həftəsi” silsilə tədbirlərindən bəhs edib.

Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tuymebayev türkdilli dövlətlər və xalqlar arasında tarixi köklərdən, ortaq dəyərlərdən söhbət açıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsində fəaliyyətini yüksək qiymətləndirib. Fondun prezidentini Qazaxıstana dəvət edən J.Tuymebayev ölkəsinin qurumun fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.4.