Muzeylər arasında əməkdaşlıq

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə və Tərtər rayon, Mingəçevir və Yevlax şəhər Tarix-diyarşünaslıq və digər muzeylərin əməkdaşları Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.

İş təcrübəsi ilə tanışlıq məqsədi daşıyan tədbirdə Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov və əməkdaşlar öz fəaliyyətləri barədə qonaqlara məlumat veriblər.

Qarşılıqlı dialoq şəklində keçən görüşdə muzey müəssisələrində dərnəklərin yaradılması, əhalinin muzeylərə cəlb edilməsi məqsədilə təbliğat işinin düzgün qurulması, digər müəssisə və təşkilatlarla müqavilələrin bağlanması, muzeydə sənədləşmə işlərinin aparılması, əşyaların fondda düzgün qablaşdırılması və saxlanılması, bərpaya ehtiyacı olan əşyaların uçotunun aparılması, elmi arxivin yaradılması məsələləri müzakirə olunub. Qarşılıqlı əlaqələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb.

Sonda muzey əməkdaşları Horadiz şəhərinin görməli yerləri və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.2.