Rənglərin və formaların dolğun kompozisiyası

 

 

Fevralın 12-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində memar-rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açıldı.

Yeni Gallery” Mərkəzinin direktoru Rafael Gülməmmədov qonaqları salamlayaraq sərgi haqqında məlumat verdi. Qeyd etdi ki, sərgidə Zərnaz İmanzadənin memarlıqla əlaqəsi olmayan, müstəqil sənət nümunəsi sayılan əsərləri yer alıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova bildirdi ki, memar-rəssamın yaradıcılığının genetik kodu təsviri sənət sahəsində özünü daha aydın büruzə verir. Onun əsərlərində rənglərin və formaların qarşılıqlı əlaqəsini, bütövlüyünü təyin edən dolğun bir kompozisiya nəzərə çarpır. Bu, sırf mücərrəd formalara aid edildiyi kimi, şərtiliyə və mücərrədliyə meyil edən, tanına bilən fiqurlara da xasdır.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Elçin Əliyev vurğuladı ki, memarın layihə fəaliyyətini ayrı-ayrı tərkib hissələrinə ayırsaq, fərqli, müasir dövrə xas olan bir xüsusiyyət tapmış olarıq. Rəssamın qrafik yaradıcılığı tamaşaçını düşünməyə vadar edir.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, həmin institutun şöbə müdiri, proffesor Kübra Əliyeva, filologiya elmləri doktoru, professor Bahar Cəfərova və memar Fərhad Mollazadə çıxış edərək rəssamın sənət dünyasından söz açdılar.

Sonda Zərnaz İmanzadə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Xatırladaq ki, indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini bitirən Z.İmanzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışıb. Uzun illər Yəmən, Suriya, Səudiyyə Ərəbistanı və Tunis kimi ərəb ölkələrində diplomatın ailə üzvü kimi yaşaması ona bu regionların memarlıq və şəhərsalma sənətinin şah əsərləri ilə yaxından tanış olmaq, onlar haqqında məlumat toplamaq imkanı yaradıb. Z.İmanzadənin müsəlman Şərq ölkələrinin şəhərləri və memarlıq abidələri haqqında oçerkelmi məqalələri müxtəlif nəşrlərdə çap olunub.

Qeyd edək ki, sərgi fevralın 16-dək davam edəcək.

 

Nurəddin MƏMMƏDLİ

Mədəniyyət.- 2020.- 14 fevral.- S.5.