Ən dəyərli hədiyyə

  

 

14 fevral “Beynəlxalq kitab bağışlama günüdür

 

Vaxtilə tez-tez eşidərdik ki, ən qiymətli hədiyyə kitabdır. Bu fikir, əslində, kitabın, mütaliənin nə qədər əhəmiyyətli olduğunu aydın şəkildə göstərir.

Yaxşı kitablar yaxşı yoldaş kimidir, deyirlər. Kitabla ünsiyyəti sıx olanların dünyagörüşündə, hadisə və proseslərə yanaşmalarında özünəməxsusluq həmişə nəzərə çarpır. Amma ən önəmli cəhət oxuduqlarından müəyyən nəticələr çıxarmaq, həyatın müxtəlif məqamlarında ondan istifadə etməkdir. Bir sözlə, kitabın faydalarından öz ətrafımızın da yararlanmasına vəsilə olmalıyıq...

Beynəlxalq aləmdə nisbətən yeni olan əlamətdar günlərdən birikitabla bağlıdır – “Kitab bağışlama günü”. Fevralın 14-də qeyd olunan bu bayram, maraqlıdır ki, innovasiyanın hər gün yeni bir icada imza atdığı bir dövrdə – XXI yüzillikdə yaranıb.

Əlamətdar gün 2012-ci ildə ABŞ-da məşhur “Delightful Childrens Booksuşaq kitabı saytının qurucusu Emmi Brodmurun təşəbbüsü ilə təsis edilib. Bu ideyanı ona balaca oğlu verib. O, anasından soruşur ki, niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur. Emmi Brodmur öncə internet vasitəsilə müxtəlif peşə sahiblərinə bu təşəbbüsdə iştirak etmələrini təklif edirbu ideya düşündüyündən də uğurlu olur.

Bu təşəbbüs az müddətdə dünyada dəstək qazanır, ona çoxlu insanlar qoşulur. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən blogerlər insanları 14 fevral tarixiniUşaqlara kitab bağışlama günüolaraq qeyd etməyə çağırır. Həmin gündən dünyanın bir çox ölkəsində 14 fevral belə əlamətdar tarixə çevrilir.

Bu ideyanın populyarlaşmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının böyük töhfəsi olub. Hər il həm oxunmuş, həm də yeni çap olunmuş minlərlə kitab dünyanın müxtəlif istiqamətlərində yayılaraq uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək, bölüşmək sevinci yaradır.

Son illər Azərbaycanda da bu əlamətdar gün müxtəlif tədbirlərlə qeyd edilir. Respublikamızın bir sıra kitabxanalarında, mədəniyyət ocaqlarında bu günlə bağlı müxtəlif aksiyalar, sərgilər təşkil edilir...

Hər kəsə kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlayın. Bugünkü günü fürsət bilib sevdiklərinizə kitab hədiyyə etsəniz, bu onlar üçün unudulmaz bir xatirəyə çevrilə bilər. Məşhur fransız yazıçısı A.Dekurselin dediyi kimi, dünyada ən yaxşı kino zalı insan beynidir və sən bunu yaxşı kitab oxuyarkən anlayırsan. Biz yenə də əvvəlki fikrimizdə qalırıq: ən dəyərli hədiyyə kitabdır.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.7.