Bəstəkar Süleyman Ələsgərovun xatirəsi anılıb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli İncəsənət məktəbində Xalq artisti, tanınmış bəstəkar Süleyman Ələsgərovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Məktəbin müəllimi Rəna İman sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan musiqi tarixində və inkişafında bəstəkarın özünəməxsus yeri var. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifəsidir.

Diqqətə çatdırılıb ki, musiqi və mədəniyyətimizin beşiyi olan Şuşada dünyaya göz açan Süleyman Ələsgərov ilk təhsilini şəhərdəki Musiqi Texnikumunun tar sinfində alıb. Sonra ali təhsil almaq üçün Bakıya gəlib. Konservatoriyanın Bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində musiqi ictimaiyyətində tanınmağa başlayıb. Bəstəkarın ilk mahnısı Böyük Vətən müharibəsində həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış “Gözlə məni” olub. Bu mahnını Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdu. Onun “Bayatı-Şiraz” simfonik muğamı F.Əmirovun “Şur”, “Kürd-ovşarı”, Niyazinin “Rast”ından sonra bu janrda yazılmış gözəl nümunədir.

Vurğulanıb ki, S.Ələsgərovun yaradıcılığında kamera-instrumental əsərlər də var. Onların arasında fortepiano, tar, skripka üçünTrio”, skripkafortepiano üçünSonata”, fortepiano üçün “Düşüncə”ni qeyd etmək olar. Bu əsərlər aliorta ixtisas musiqi məktəbləri tələbələrinin tədris proqramına da daxil edilib.

Daha sonra tədbirdə bəstəkarın əsərləri ifa olunub.

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.6.