Yer üzünün günəşidir xeyirxahlıq”

 

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində “Yer üzünün günəşidir xeyirxahlıq!” adlı tədbir keçirildi. F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir “Təmənnasız xeyirxahlıq ifadəsi günü”nə həsr olunmuşdu.

Tədbirdə uşaq yazarları Qəşəm İsabəyli, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Tariyel Ümid, Səməd Məlikzadə, Nəzakət Məmmədova iştirak edirdi.

Renessansxorunun ifasında Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq ölkəmizdə xeyirxahlıq missiyasının tarixindən danışdı. Diqqətə çatdırdı ki, xeyirxahlıq xalqımıza xas olan yüksək insani keyfiyyətlərdəndir. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, könüllü və təmənnasız kömək ənənələrinə bağlı olub. Tədbirin keçirilməsində də əsas məqsəd xeyirxahlığın gənc nəslə aşılanması, bununla da cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə yardım etməkdir.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxış edərək bildirdi ki, Azərbaycanda xeyirxahlıq ideyalarının tarixi çox qədimdir. Bu ənənələr əsrlərdir təfəkkür və həyat tərzimizdə yaşayır və inkişaf edir, daim yeni-yeni əlamətlərlə zənginləşir. Qeyd edildi ki, Respublika Uşaq Kitabxanası bütün uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara da yeni təhsil sisteminə uyğun ədəbiyyatın kompleks təbliğini həyata keçirir.

Tədbirdə daha sonra Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, xeyirxahlıq ənənələri xalq yaradıcılığımızda geniş şəkildə özünə yer alıb. Bu dəyərləri yaşatmaqinkişaf etdirmək çox əhəmiyyətlidir.

Çıxışlardan sonra konsert proqramı təqdim olundu. T.Quliyevin “Bakı haqqında mahnı”, V.Adıgözəlovun “Bayram süitası”, C.VelasqesinBesame mucho”, M.Babayevin “Sən gələndə” və M.MaqomayevinOdlar yurdu” mahnıları səsləndirildi. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdi Səməd Novruzovun ifa etdiyi “Sənə də qalmaz” (T.Quliyev) mahnısı xüsusilə alqışlandı.

Sonda Respublika Uşaq Kitabxanasının “Göy qurşağı” jurnalı balaca oxuculara hədiyyə edildi.

Qeyd edək ki, 17 fevral - “Təmənnasız xeyirxahlıq ifadəsi günü” (Random Acts of Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə 1995-ci ildə ABŞ-da təsis olunub. Həmin gün məşhur aktyorların, ictimai-siyasi xadimlərin iştirakı ilə müxtəlif xeyriyyə tədbirləri keçirilir.

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.3.