Əməkdar artist Xudayət Əsgərov mükafatlandırılıb

 

Əməkdar artist Xudayət Əsgərov teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə, habelə anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Xudayət Məmməd oğlu Əsgərov 1960-cı il fevral ayının 14-də Gəncə şəhərində anadan olub. Musiqi məktəbinin tar sinfini və Gəncə şəhər İnşaat Texnikumunu  bitirib. Təhsil aldığı illərdə Gəncə şəhər “İnşaatçılar” mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən Gəncə Dövlət Dram Teatrında fəaliyyətə başlayıb.

1987-ci ildə Gəncə Dövlət Kukla Teatrında aktyor kimi işə qəbul olunub, yüzdən artıq tamaşada çıxış edib.

Xudayət Əsgərov aktyorluqla yanaşı teatrda rejissor kimi də çalışır. Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.KollodininPinokkionun sərgüzəştləri”, K.Ağaqızının “Tənbəl Əhməd”, O.AbdullayevinXoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul”, A.Əlizadənin “Şeytanın dostu” və digər tamaşalara quruluş verib.

Bir çox beynəlxalq kukla teatrları festivallarında ölkəmizi layiqincə təmsil edib. 2006-cı ilin Prezident mükafatçısı olub, 2013-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.5.