Özbəklərin “Şuluqu Bakıdadır

 

 

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının Bakıya qastrolu başlayıb. Qonaqlarımız 21 və 22 fevralda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində özbək ədəbiyyatının klassiki Qafur Qulamın povesti əsasında hazırlanmış eyniadlı “Şum bola” (“Şuluq”) tamaşasını oynayacaqlar.

 

Premyerası 2003-cü ildə olmuş tamaşanın quruluş müəllifi Calol Yusupov, bərpa variantının rejissoru Quzal Süleymanova, bəstəkarı Albert Xalmurzayev, rəssamı Natalya Yevdokimovadır.

 

Bir saat 40 dəqiqə davam edən tamaşa indiyədək bir neçə festivalda, eləcə də Seulda keçirilmiş “ASSİTEJ-2014” Asiya görüşündə nümayiş olunub.

 

Şum bolaQafur Qulamın Özbəkistanda çox məşhur olan əsərlərindən biridir. Bir çox teatrlar xeyirxahlıq ruhu aşılayan bu əsərə müraciət ediblər, hətta povest əsasında film də çəkilib.

 

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı isə bu əsəri fərqli səhnə yozumunda təqdim edir. Ənənəvi özbək meydan teatrının komik aktyorları – masxarabozlar (məsxərəçilər) Şum bolanın başına gələn sərgüzəştləri və məzəli əhvalatları səhnədə qurulmuş meydanda oynayırlar. Meydan teatrı üçün səciyyəvi məqamlarla bol tamaşada aktyorlar Svyatoslav Kluyev, Şerzod İqamnazarov, Hasan Salixov, Nilufər Oktamova, Tatyana Oqay, Obid Abduraxmanov, Feruza Raxmatova, Viktoriya Smirnova, Nargiza Haşimova çıxış edirlər.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.2.