Üzeyir ocağında bir gün

 

Üzeyir Hacıbəylinin ev-muzeyində Abşeron rayon Qobu qəsəbəsi Uşaq incəsənət məktəbinin kollektivi ilə birgə “Üzeyir ocağında bir gün” adlı  tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova açaraq qonaqları salamlayıb, Üzeyir bəyin ev-muzeyində konsert proqramı ilə çıxış etməyin həm də böyük məsuliyyət olduğunu vurğulayıb.

 

Sonra tədbir məktəbin şagirdlərinin ifaları ilə davam edib. Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını 3-cü sinif şagirdi Ağacavad Bayramov, bəstəkarın “Çırpınırdın, Qara dəniz” mahnısını 4-cü sinif şagirdləri Sona Mikayılzadə, Fədayə Abıyeva səsləndiriblər.

 

“Arşın mal alan” operettasından Əsgərin mahnısını tarda 1-ci sinif şagirdi Şahmar Cənnətov ifa edib. Tədbirdə bəstəkarın “Döyüşçülər marşı”, “Qaragöz” mahnısı, “Əsli və Kərəm” operasından “Qızlar xoru” və s. əsərləri də səslənib. Şagirdlərin ifaları alqışlarla qarşılanıb.

 

Sonda Qobu İncəsənət məktəbinin direktor müavini çıxış edərək Üzeyir Hacıbəylinin ev-muzeyinin kollektivinə qonaqpərvərliyinə görə təşəkkürünü bildirib. Qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.7.