Söz” layihəsində soyqırımı qurbanları anıldı

 

Söz” ədəbi layihəsinin fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində keçirilən növbəti sənət axşamı Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmişdi. Anım tədbirində “Unutmadıq!” adlı bədii proqram təqdim olundu.

 

Tədbir Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” rəqs ansamblının ifasında kompozisiya ilə başlandı. Xoreoqraf Nailə Məmmədzadənin quruluşunda təqdim olunan kompozisiya gənc xanəndə Kənan Bayramovun “Bayatı-Şiraz” muğamının ifası ilə bitdi.

 

Layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək Xocalı soyqırımının XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olduğunu dedi. Erməni daşnaklarının ötən əsrin əvvəllərində də azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiklərini xatırladan N.Həsənzadə bildirdi ki, Xocalı soyqırımı bir xalqı məhv etmək məqsədi daşıyırdı. Bu faciənin tanıdılmasında hər bir azərbaycanlı həmrəylik göstərməlidir: “28 ildir gözləyirik və ümid edirik ki, bu cinayəti həyata keçirən erməni vəhşiləri ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Ədalətin zəfər çalmasına inanırıq. Bu axşam Xocalıda həyatını itirənlər üçün birgə dua edək”.

 

Tədbirdə “Söz” ədəbi layihəsinin qalibləri olmuş gənc şairlər Mehman Rəsulov, Fərid Hüseyn və Şəhriyar Del Gerani şəhidlərə həsr edilən şeirlərini oxudular. Həmçinin Xocalıya həsr edilən qısa film nümayiş olundu.

 

Xocalı faciəsi zamanı ailələrini itirərək sağ qalan bacılar – Gülnar Kərimova və Həmayıl Xəlilova səhnəyə çıxaraq həmin dəhşətli gecədən yaddaşlarında qalanları danışdılar. Onların ata-anası və bacıları bu faciənin qurbanı olub. Bacıların dözülməz nisgili Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı kadrlarda da nümayiş olunurdu.

 

Ağrı-acıya bürünən söz-sənət axşamı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşeviolin ansamblı (bədii rəhbər Xalq artisti Zəhra Quliyeva), qiraətçilərin ifaları və xalq musiqilərindən parçalarla davam etdi.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşanSöz” ədəbi layihəsi gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilir.

 

Lalə AZƏRİ

 

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.4.