Haqq təntənədən uzaq olur...

 

Haqq təntənədən uzaq olur. Haqqın bər-bəzəyi olmaz. Özündə fövqəl məna kəsb edən şəxs və yaxud nəsnə barəsində söz açmaq, bəhsə girmək çox çətindir. Həm də bu, Nəsimi ola... O Nəsimi ki, surəti haqq, məqamı fövqəldir...

 

Şair-dramaturq İftixarın böyük Azərbaycan şairinə həsr etdiyiHaqq mənəm” adlı əsərinin eyniadlı tamaşası 2019-cu ilin dekabrından C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarındadır.

 

Özündə iki cahanı sığdıran Nəsimini bir teatra, bir tamaşaya sığdırmaq çox çətindir, bəlkə də mümkünsüzdür. Amma, hər necə olsa da, mümkünsüzü mümkün qılmaq olar. Nəsimi kimi dahilər fikrən, ruhən ölməzdir. Bu tamaşada (quruluşçu rejissorİftixar Piriyev) da Nəsimini mənən, fikrən, ruhən gördüm.

 

Biz hamımız faniyik. Fanilərə həyat və ölüm paralelində ölümsüzlüyün ali məqamını göstərməyə cəhd etmək böyük hünərdir. Bu hünər və cəhd özündə zəka və fitrət tələb edir. ÖzüHaqdan bəhs edilərkən bu xaotik  sivilizasiyanın idrakı iflasa gömdüyünü görmək başqa bir əzabdır. Bu əzabın içindən Nəsimi dilində keçmişə və gələcəyə hayqırmaq isə başqa bir ülviyyət.

 

Teatrı oluşturan insandır. Nəsimi isə “Cənab Haqqı” insanın surətində bulan fövqəl-bəşərdir. İndi gəl onu bir teatr səhnəsinə sığdır. Əgər o, bir sərkərdə və yaxud tarixi bir qəhrəman olsaydı, onu teatra sığdırmaq mümkün olardı. Anlamaq zorundayıq ki, Nəsiminin özü tarixdir, zamandır, elə bir tarix ki, elə bir zaman ki, nə əvvəli var, nə axırı. Sadəcə, axarı var. Zamanın mistik dalğalarında “Ağrımaz” deyən  Nəsiminin ağrılarının rəngi var. Mənim bu fikirlərim gördüyüm tamaşada öz təsdiqini tapdı.

 

Tamaşanın quruluş müəllifi Nəsimini bizə böyük təntənə ilə təqdim edə bilərdi. Amma o, bizimlə Nəsiminin dilində danışdı, bütün surətləri, səhnədə gördüyümüz hər şeyi Nəsiminin qəzəllərinə sığdırdı.

 

Bizim həyatımız cəhdlərlə doludur. Biz həmişə nəyəsə cəhd edirik. Cəhdlərimiz bəzən boşa çıxır. Amma barəsində danışdığım bu cəhd boşa çıxmadı, bu tamaşa onu seyrə gələnlərin içindəki boşluğa bir “Nəsimi işığı” salır. Nəsimi özübu fani dünyada olarkən insanların qəlbindəki zülməti işıqlandırmağa çalışmışdı. Əfsus ki, bəzən çox az insan öz zülmətini nurlandıra bilir. Ümid edirəm ki, “Haqq mənəm” günümüzün insanlarının qəlbinə işıq salmaqda davam edəcək.

 

Özündə fövqəl məna kəsb edən şəxs və yaxud nəsnə barəsində söz açmaq, bəhsə girmək çox çətindir. Məni bu çətinliyə düçar etdiyi üçün tamaşanın bütün yaradıcı heyətinə təşəkkür edirəm.

 

Nicat MİRZƏZADƏ

Rejissor

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.6.