Kukla teatrının direktoru beynəlxalq festivalda

 

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçirilən IX Monodram Tamaşalar Festivalında ölkəmizi təmsil edib. O, festivalda fəxri qonaq qismində iştirak edib. Səfər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-24 fevral tarixində reallaşıb.

 

İki ildən bir təşkil olunan monodram tamaşaların nümayişi bu dəfə III Əl Füceyra İncəsənət Festivalı çərçivəsində gerçəkləşib.

 

Hər il öz əhatə dairəsini genişləndirən sənət bayramının bu il 60 ölkədən 600-dən çox iştirakçısı olub. Festivalın təşkilində əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi inkişaf etdirməkdir. Festival çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı seminarlar, forumlar, kitab təqdimatları, konsertlər də təşkil olunur.

 

Səfər təəssüratlarını bölüşən Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu kimi sənət tədbirlərinin fərqli mədəniyyətləri birləşdirən körpü olduğunu deyib: “Bu festivalda artıq üçüncü dəfə iştirak edirdim. Festivalın bir önəmli cəhəti də ərəb dünyasının sənət adamlarını dünyaya tanıtmaqdır ki, hər dəfə onlardan birinin şərəfinə mükafat təsis edilir. Belə tədbirlər bizim üçün yeni yaradıcılıq əlaqələrinin qurulması, qarşılıqlı təcrübə mübadiləsinin reallaşması və növbəti əməkdaşlıq üçün körpü rolunu oynayır. Mən də teatrımız adına bu fürsətdən maksimum istifadə etməyə çalışdım”.

 

R.Əhmədzadə səfər zamanı Vyetnam, Hindistan və Tunisdən olan teatr təmsilçiləri ilə görüşdüyünü və müştərək layihələr üzərində işləyəcəklərini deyib.

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.3.