Akademik Musiqili Teatra Bişkekdən hədiyyə

 

 

Qırğızıstanın ölkəmizdəki konsulu Davron Almazbekov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub.

 

Konsul teatrda rejissor A.Babalının quruluş verdiyi “Cəmilə” (Çingiz Aytmatov) tamaşası ilə bağlı aparılan hazırlıq işləri ilə maraqlanıb. O, Bişkekdən xüsusi olaraq Akademik Musiqili Teatra göndərilən qırğız xalqının milli musiqi alətini – tamaşada ifa ediləcək qomuzu rejissora təqdim edib. Diplomat səhnə əsərində qırğızların milli mədəniyyətini əks etdirən detalların yer almasını təqdir edib.

 

D.Almazbekov iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə təkan verən belə layihələrə görə tamaşanın ideya müəllifi və bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə və yaradıcı heyətə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.2.