Muzeydə keçən yarım əsr

 

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmin inkişafı və tədris layihələri şöbəsinin elmi işçisi, yarım əsrdən çox bu muzeydə çalışan Tutuxanım Məmmədovanın 70 yaşı münasibətilə tədbir keçirilib.

 

Mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilən tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Tutuxanım Məmmədovanın əmək fəaliyyətindən, gördüyü işlərdən söz açıb. Bildirib ki, uzun illər muzeyin bələdçisi kimi fəaliyyət göstərmiş T.Məmmədovanın yeni nəsil bələdçilərin yetişməsində də mühüm xidməti var.

 

Akademik Rafael Hüseynov yubilyarı təbrik edərək, “Sözümüz” adlı xüsusi təbriknaməni ona təqdim edib.

 

Təbriknamədə T.Məmmədovanın kollektivə gəldiyi vaxtdan son dövrədək çəkilmiş fotolarından ibarət kollaj əks olunub. Təbrik məktubunda yubilyarın 1967-ci ildə muzeydə zal baxıcısı kimi fəaliyyətə başladığı, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra Nizami muzeyinə qayıdaraq burada izahatçı işlədiyi bildirilir. Qeyd olunur ki, T.Məmmədova 53 illik fəaliyyətində muzeydə saysız-hesabsız ekskursiyalar, görüş və tədbirlər təşkil edib, neçə-neçə kitab və məqalələr ərsəyə gətirib.

 

Muzeyin əməkdaşları T.Məmmədovanı təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıblar.

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.4.