Milli ifaçılıq məktəbimizin görkəmli nümayəndəsi

 

 

Görkəmli pedaqoq-musiqişünaslarımız zəngin milli musiqi ənənələrimizin yaşadılması və təbliği sahəsində mühüm xidmətlər göstəriblər. Belə sənətkarlardan biri milli ifaçılıq məktəbimizin tanınmış nümayəndəsi, pianoçu, Xalq artisti Zöhrab Adıgözəlzadədir. Bu gün mərhum sənətkarın anadan olmasının 80 illiyi tamam olur.

 

Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə 3 iyul 1940-cı ildə Bakıda dünyaya göz açıb. Orta musiqi təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. 1962-ci ildə konservatoriyadan məzun olurtaleyini bu tədris ocağı ilə bağlayır. Burada müəllim, dosentprofessor kimi gənc musiqiçilər nəslinin yetişməsinə böyük töhfələr verir.

 

Zöhrab Adıgözəlzadə daha sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor Y.V.Flieranın sinfində bir il təcrübə keçir. R.Korsakov adına indiki Sankt-Peterburq Konservatoriyasının aspiranturasında təhsilini davam etdirən musiqiçi burada professor P.A.Serebryakovun sinfində üç il oxuyur. İfaçılıq sənətinin sirlərinə yiyələndikdən sonra vətənə dönür. İndiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoq kimi işə başlayır. O, həmçinin ölkəmizdə və xaricdə solo konsert fəaliyyəti göstərir. Azərbaycan fortepiano məktəbini bir çox ölkələrdə uğurla təmsil edir. Azərbaycan, rusAvropa bəstəkarlarının əsərlərinin ən mahir ifaçılarından biri kimi tanınır. Z.Adıgözəlzadə Azərbaycanın bir çox görkəmli bəstəkarlarının, o cümlədən Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə, Sevda İbrahimova və Cövdət Hacıyevin əsərlərinin ilk ifaçısı olub. Milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən Zöhrab Adıgözəlzadə 27 yaşında, 1967-ci ildə “Əməkdar artist”, 1981-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

1990-cı ildə sənətkar Türkiyənin İstanbul şəhərinə gedir. Sonra Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında işə başlayır, kafedra müdiri vəzifəsinə yüksəlir. O, pedaqoji fəaliyyətlə yanaşı, milli ifaçılıq sənətimizin təbliğinə də yer ayırır. Görkəmli pedaqoqun beynəlxalq festival və müsabiqələrdə iştirak edən tələbələri Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa edirlər.

 

Z.Adıgözəlzadə milli musiqi irsinin tədqiqi işinə də töhfələr verib. Onun bir sıra metodik işləri – “F.Əmirovun fortepiano miniatürləri”, “F.Əmirovun fortepiano əsərləri toplusunun metodik təhlili” və s. məqalə və resenziyaları çap olunub. Sənətkar eyni zamanda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət iki toplunun müəllifidir.

 

Görkəmli pedaqoq, Xalq artisti Zöhrab Adıgözəlzadə 24 may 2012-ci ildə vəfat edib, Bakıda dəfn olunub. Hazırda musiqiçinin sənət yolunu oğlu, tanınmış pianoçu, Xalq artisti Murad Adıgözəlzadə davam etdirir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.6.