“Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri”

 

Onlayn rəsm müsabiqəsi başa çatıb

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsi başa çatıb.

 

Fonddan verilən məlumata görə, göndərilən rəsmlər 12 kateqoriya (“İrsimiz”, “Dədə Qorqud”, “Adət-ənənələr”, “Dünyamızı qoruyaq”, “Musiqi”, “Novruz”, “Səmazənlər”, “Milli mətbəx”, “Xalçalar”, “Türk dünyasının qadınları”, “Oyunlar”, “Türk birliyi”) üzrə onlayn səsvermə yolu ilə seçilib, həmçinin beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndirilib.

 

6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə uşaqlar arasından I, II, III yerlərin sahibləri, “Sülh”, “Birlik, “Bilik”, “Dostluq” nominasiyaları və Qran-pri mükafatı üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

 

Müsabiqəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrdən –  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan, habelə Türkmənistan, Bolqarıstan və Ukraynadan 700-ə yaxın rəsm təqdim olunub.

 

Qran-pri mükafatına Məryəm Quluzadə (7 yaş, Azərbaycan) və Elif Bilge Zengin (7 yaş, Türkiyə) layiq görülüblər.

 

Göndərilən bütün rəsmlər və təsvir mətnləri əsasında Fond tərəfindən illüstrasiyalı kitab nəşr olunacaq. Kitabda Türk dünyasının adət-ənənələrinin, mədəniyyətinin və irsinin nə qədər zəngin olduğu daha da aydın görünəcək.

 

Yeni növ koronavirus pandemiyası (COVİD-19) ilə əlaqədar xüsusi karantin rejimi bitdikdən sonra müsabiqədə qalib gələn şəxslər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

 

Müsabiqə qaliblərinin işləri https://itchf.org/gallery/ linkində xüsusi yaradılmış qalereyada yerləşdirilib.

 

 

Mədəniyyət.-2020.-  1 iyul.- S.8.