“Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsidir”

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında iki ölkə uşaqlarının iştirakı ilə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan “Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsidir” adlı onlayn forum keçirilib.

 

Forumun əsas məqsədi gələcəyimiz olan uşaqlara vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, onları müstəqil dövlətlərimizin nailiyyətləri, vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri haqqında məlumatlandırmaqdır.

 

AMM-in direktoru Samir Abbasov forumu açaraq Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından danışıb. Ümummilli lideri Heydər Əliyevin uşaqlar haqqında söylədiyi “Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır” fikrini diqqətə çatdıran S.Abbasov, Azərbaycanda olduğu kimi, Özbəkistanda uşaqlara qayğının dövlətin prioritetlərindən biri olduğunu vurğulayıb.

 

Forumda iki ölkənin şagirdlərinin Azərbaycan–Özbəkistan dostluğu, ana dilinin dəyəri, ölkəmizin tarixi, qədim şəhərlərimiz olan İrəvan, Naxçıvan, Şuşa, iki ölkənin dahi şəxsiyyətləri, xalqlarımızın dünya mədəniyyətinə, elminə, ədəbiyyatına bəxş etdiyi tanınmış simalarNizami Gəncəvi, Əlişir Nəvai, Şah İsmayıl Xətai, Üzeyir Hacıbəyli, Abdulla Aripov, Maqsud Şeyxzadə və Seyid Rza Əlizadə haqqında məruzələri dinlənilib.

 

Tələbə Razzaq Xudoykulovun iki ölkənin uşaqlarına “Azərbaycan-Özbəkistan tarixi dostluğu bizə babalarımızın əmanətidir və onu qorumaq hər birimizin borcudur” adlı videomüraciəti səslənib.

 

Forumun moderatorları AMM-in Azərbaycan dili kurslarının rəhbəri Sələmə Fətəliyeva, kitabxana-informasiya mərkəzinin rəhbəri Kifayət Pirməmmədova və kurs müəllimi Lalə Orucova olublar.

 

Mədəniyyət.-2020.-  1 iyul.- S.8.