Yerlərdə mədəniyyət müəssisələrinin işi onlayn formatda davam etdirilir

 

Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Sənət körpüsü” adlı onlayn layihəyə start verilib. Layihənin ilk qonağı Qazax Dövlət Rəsm Qalereyası olub.

 

Qazax qalereyasının əməkdaşı Yasəmən Əsgərova sumqayıtlı rəssam Tofiq Əhmədov haqqında danışıb. Sumqayıt qalereyasının əməkdaşı Şahnaz Sadıqlı Qazaxdan olan rəssam Qafar Sarıvəllinin yaradıcılıq yolu barədə söz açıb. Diskussiya şəraitində davam edən tədbirdə Qazax qalereyasının direktoru Münəvvər Xəlilova maraqlı fikir mübadiləsi üçün iştirakçılara təşəkkürünü bildirib. Çıxışlarda layihənin davamlı olması qeyd edilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Qumlaq, Şirvanlı, Qarabulaq, Yemişənli, Baş Daşağıl və Çaldaş kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə “Seyid Əzim Şirvani: şair, maarifçi, publisistmövzusunda videokonfrans təşkil olunub.

 

Seyid Əzimin (1835-1888) anadan olmasının 185 illik yubileyinə həsr edilən onlayn görüşdə Qumlaq kənd kitabxanasının müdiri Ruziyə Ağababayeva, Şirvanlı kənd kitabxanasının müdiri Taliyə Xəlilova, Qarabulaq kənd kitabxanasının müdiri Samirə Məmmədova və başqaları çıxış ediblər.

 

Regional idarənin Balakən rayon Mərkəzi kitabxanasında “Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində kitabxanaların rolumövzusunda videokonfrans keçirilib. MKS-nin Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mehriban Cuxova gənclərin intellektual səviyyəsinin və dünyagörüşünün artırılmasında kitabxanaların bir sosial institut kimi rolundan danışıb. Sarıbulaq kənd kitabxanasının fəal oxucusu Sevinc İbadova yaradıcılıqla məşğul olduğunu, Balakənin tarixinə dair elmi araşdırma üzərində işlədiyini deyib, mütaliənin önəmini vurğulayıb.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyevin iştirakı ilə videokonfrans keçirilib. Konfransda regional idarənin əhatə etdiyi (Ağcabədi, Ağdam, Laçın) rayonlar üzrə mədəniyyət müəssisələri tərəfindən xüsusi karantin rejimi dövründə keçirilən tədbirlərdən və müəssisələrin işinin tənzimlənməsi, nöqsanların aradan qaldırılması və s. məsələlər müzakirə olunub.

 

Daha bir videokonfrans Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi şəhər ümumtəhsil məktəbləri müəllimlərinin iştirakı ilə keçirilib. Konfransda Prezident İlham Əliyevin 25 iyun 2020-ci il tarixdə Mingəçevir şəhərinə səfəri zamanı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında söylədiyi nitq və COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə haqqında konfrans iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilib.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovun rəhbərliyi ilə idarənin tabe müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib. İclasda mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə koronavirusla mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə tapşırıqlar verilib. Konfransda həmçinin müəssisələrin fəaliyyətinin optimallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

 

Sonda mədəniyyət müəssisələri rəhbərlərinin görülmüş işlər barədə hesabatları dinlənilib və səsləndirilən təkliflər müzakirə olunub.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi videokonfransda tabe şəhər və rayonlar üzrə nümayəndələr və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

 

Regional idarənin rəisi İlyas Hacıyev koronavirus infeksiyasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bütün mədəniyyət müəssisələri tədbirlər planına uyğun olaraq iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan tədbirləri onlayn şəkildə həyata keçirməli və bununla bağlı videoçarxlar hazırlanmalıdır. Mədəniyyət müəssisələrinin sosial şəbəkələrdəki səhifələrində aktivliyin daha da artırılması, vətəndaşlara göstərilən elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi diqqətə çatdırılıb. Sonda müəssisə rəhbərlərinin görülmüş işlər barədə hesabatları dinlənilib.

 

Bərdə rayon MKS-nin Dəymədağıldı kənd kitabxana filialı Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə “Nəriman Nərimanov: dünən, bu gün, sabah” adlı videoçarx hazırlayıb. Videoçarxda Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edilir.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və regionlarda çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə “Teatrlarda yeni yanaşmalaryeni təfəkkür formaları” mövzusunda görüş keçirilib.

 

Tədbir çərçivəsində “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun üzvü, Bərdə RMİ-nin əməkdaşı teatrşünas, Emin Cəbrayıl tərəfindən irəli sürülən gənclərin teatra cəlb edilməsi və bölgələrdə xalq teatrlarının mövcud vəziyyətinin yüksəldilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Görüşdə Əməkdar artist Teymur Məmmədov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, DOM müstəqil teatrının aktrisası, Əməkdar artist Yaqut Paşazadə, regional idarənin rəis müavini Validə Nabatovas. qonaqlar iştirak edib.

 

Çıxışlarda teatrın mövcud vəziyyəti, gənclərin teatra cəlb edilməsi məsələlərinə toxunulub. Müzakirələrdə əyalət teatrlarının paytaxt teatrları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasında Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənovun anadan olmasının 60 illiyi ilə əlaqədar “Milli qəhrəmanlar zirvəsi” adlı videokonfrans keçirilib.

 

MKS-nin direktoru Saməddin Nəsirov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərimizin şərəfli döyüş yolu gənclər üçün örnəkdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Quba rayon filialının sədri, II qrup Qarabağ əlili Yusif Möhbalayev, Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Xanbikə Kərimova Milli Qəhrəman Tabil Həsənovun keçdiyi döyüş yolu haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, gənclərimiz Vətəni və dövləti necə sevmək lazım olduğunu bu cür qəhrəmanlarımızdan öyrənməlidirlər.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransda rəis Elnur Hüseynov çıxış edərək ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərindən söz açıb. Qeyd edib ki, tabe müəssisələrdə sanitar-epidemioloji qaydalara riayət edilməli, mədəniyyət ocaqlarında mütəmadi dezinfeksiya işləri aparılmalı, əməkdaşlar sosial izolyasiya tədbirlərini diqqətdə saxlamalıdırlar.

 

E.Hüseynov regional idarənin saytı və tabe təşkilatların sosial şəbəkələrdəki səhifələrində aktivliyin daha da artırılması, vətəndaşlara göstərilən elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib.

 

Regional idarənin Şamaxı rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Ruslan Adıgözəlov Azərbaycan Polisi günü (2 iyul) münasibətilə onlayn konsert proqramı ilə çıxış edib. Konsert mərkəzin “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanıb, izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS “Seyid Əzim Şirvani – 185 ” adlı sərgi nümayiş etdirib, “Seyidəm, ərşeyi-eşq içrə” adlı videokonfrans keçirib. MKS-nin direktoru Solmaz Babanlı qeyd edib ki, Seyid Əzimin zəngin ədəbi irsi biri Azərbaycan türkcəsində, digəri isə farsca olmaqla iki böyük külliyyatdan ibarətdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur.

 

Mərkəzi kitabxananın şöbə müdiri Sədaqət Qasımova, oxu zalının müdiri Aygün Muradova şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Uşaq şöbəsinin fəal oxucuları İlkin Qasımov, Aysu Qasımova, Aytac Quliyeva şairin “Tapılmaz” qəzəlini söyləyiblər.

 

Nurəddin MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 9 iyul.- S.3.