Molla Nəsrəddin” ensiklopediyası milli mətbuatın 145 illiyinə töhfədir

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixipublisistika şöbəsində “Molla Nəsrəddin” ensiklopediyasının hazırlanması Azərbaycan milli mətbuatının 145 illik yubileyi haqqında ölkə başçısının sərəncamının icrasına töhfədir.

 

Bu barədə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli institutun ilin birinci yarısında fəaliyyətinə həsr olunan Elmi şura iclasında bildirib.

 

Onlayn formatda keçirilən iclasda akademik İ.Həbibbəyli pandemiya dövründə institutun şöbələrinin elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinin məruzələrinin hazırlıq vəziyyəti barədə danışıb. “Azərbaycan ədəbiyyatı tarixiçoxcildliyinin V cildinin çapa hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

 

Filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunan xüsusi buraxılışının çapa hazır olduğunu deyib.  Türk xalqları ədəbiyyatı şöbəsinin hazırladığı “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunan xüsusi buraxılışı üzərində aparıldığı bildirilib.

 

İnstitutun Elmi şurasının qərarına əsasən, Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanan “Muxtar Auezov: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyası, Uşaq ədəbiyyatı şöbəsində hazırlanan “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası”, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” və filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyaları çapa tövsiyə olunub.

 

 

Mədəniyyət.- 2020.- 9 iyul.- S.3.