Seyid Əzimin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) klassik poeziyamızın görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə bir sıra layihələri həyata keçirməyi planlaşdırır.

 

AMM-in sifarişi ilə şair və tərcüməçi Tahir Qahhar S.Ə.Şirvaninin 233 qəzəlini özbək dilinə çevirib.

 

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzimin bədii irsi nəinki Azərbaycanda, bütün Şərq ölkələrində, eləcə də Özbəkistanda maraqla qarşılanır. Bu il AMM-in layihəsi ilə S.Ə.Şirvaninin əsərlərindən ibarət kitabın Daşkənddə nəşri nəzərdə tutulub.

 

Qeyd edək ki, Tahir Qahhar AMM-in sifarişi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin və böyük şair-dramaturq Hüseyn Cavidin əsərlərini də özbək dilinə tərcümə edib.

 

Mərkəzin layihəsi ilə Seyid Əzim haqqında “Vikipediyaelektron ensiklopediyasında özbək dilində bölmə də yaradılıb, Azərbaycan və rus dillərindəki bölmələr zənginləşdirilib.

 

AMM şairin 185 illik yubileyi münasibətilə “Azərbaycan və Şərq ədəbiyyatının nadir inciləri – Seyid Əzim Şirvani qəzəlləri” adlı beynəlxalq elmi konfransın keçirilməsini də planlaşdırıb.

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.8.