“Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı”

 

 

Akademik Möhsün Nağısoylu və professor Sayalı Sadıqovanın  “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı” (Bakı, “Elm”, 2020) adlı monoqrafiyası işıq üzü görüb.

 

Monoqrafiyada Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşmə qaynaqları, inkişaf istiqamətləri ətraflı şəkildə zəngin faktlarla araşdırılıb. Tədqiqatda ədəbi dilin zənginləşməsində qədim abidələrin, Orta əsrlərə aid tərcümə əsərlərinin, lüğətlərin rolu, söz yaradıcılığı və inkişaf meyilləri təhlil edilib.

 

Orta əsrlərə aid Azərbaycan tərcümə ədəbiyyatı nümunələri ədəbi dilimizdə söz yaradıcılığının tarixi aspektdə araşdırılması baxımından zəngin qaynaqdır. Bu baxımdan monoqrafiyada öz əksini tapan tərcümə əsərlərinin farsca mətnlərində işlənən bir sıra düzəltmə və mürəkkəb sözlərin dilimizə tərcüməsi üsulları müəyyənləşdirilib.

 

Kitabda türk dillərinin əski qatlarına aid sözləri əhatə edən bədii tərcümələrdə çoxlu qədim və nadir türkmənşəli sözlərin işləndiyi göstərilib. Onların müəyyən bir hissəsi zaman keçdikcə unudularaq çağdaş ədəbi dilimiz üçün arxaik leksemlərə çevrilib, bəziləri isə dilimizin ayrı-ayrı dialektlərində kiçik dəyişikliklə qorunub saxlanıb. Orta əsrlərə aid Azərbaycan tərcümə nümunələrində işlənmiş türkmənşəli qədim sözlər monoqrafiyada geniş şəkildə təhlil edilib. Eləcə də dilin lüğət tərkibinin zənginləşmə qaynaqları, dildə gedən söz yaradıcılığı prosesi monoqrafiyada ilk dəfə geniş araşdırılıb.

 

Kitab Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsi çərçivəsində nəşr olunub. Nəşrin elmi redaktoru professor Buludxan Xəlilov, rəyçilər professor İsmayıl Məmmədli və professor İkram Qasımovdur.

 

S.QALİBOĞLU

 

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.7.