102 il bundan əvvəl...

 

Avropa İttifaqının portalı, İspaniya saytı, İordaniya televiziyası Azərbaycan Cümhuriyyəti haqqında

 

Avropa İttifaqının Ideasoneurope.eu analitik portalında AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi dərc olunub. Material 102 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından bəhs edir (bax: https://bridge.ideasoneurope.eu/).

 

“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament demokratiyasıdır” sərlövhəli məqalədə Rusiyada çarizmin süqutundan sonra, 1918-ci ildə Azərbaycan xalqının müstəqil dövlətini elan etməsi, bu dövlətdə parlament idarəçilik formasının seçilməsi barədə bəhs edilir, milli hökumətin əsas nailiyyətləri barədə məlumat verilir. Oxucular məqalədə göstərilən linkə əsasən “Youtube” videoportalında Azərbaycan Cümhuriyyətinin tarixindən bəhs edən qısametrajlı filmə də baxa bilərlər.

 

İspaniyanın “Diplomat in Spain” portalında isə Kral Xuan Karlos Universitetinin hüquq elmləri üzrə professoru Karlos Uriartenin Azərbaycanla bağlı geniş məqaləsi yerləşdirilib.

 

Məqalə müəllifi Şərqdə ilk parlamentli respublikanın 1918-ci ilin 28 may tarixində Azərbaycanda yarandığını qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr ərzində demokratiya, dünyəvilik və parlamentli respublika dəyərlərini rəhbər tutduğunu, etnik mənsubiyyətindən, dinindən, sosial statusu və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasimülki hüquqlarını təmin etdiyi vurğulanır. Qeyd olunur ki, Şərqdə ilk dəfə, eləcə də bir çox Qərb dövlətlərindən də əvvəl Azərbaycan Xalq Cümhuriyyətində qadınlar seçki hüququna malik olublar.

 

İyunun 8-də İordaniya televiziyasının saat 15:00 və 18:00 xəbər buraxılışlarında Azərbaycanın Respublika Gününə həsr olunmuş qısa süjet yayımlanıb.

 

Süjetdə Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayevin əlamətdar gün münasibətilə İordaniya televiziya kanalına verdiyi açıqlamaya istinadən, ölkə liderlərini birləşdirlən şəxsi münasibətlər fonunda Azərbaycan-İordaniya əlaqələrindən bəhs olunub, ötən ilin dekabr ayında İordaniya Kralı II Abdullahın ölkəmizə səfərinin qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın İordaniya ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsində istəkli olduğu vurğulanıb.

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.2.