Yazıçı-dramaturq, ədəbiyyatşünas Aqşin Babayev vəfat edib

 

 

Tanınmış yazıçı-dramaturq, şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Aqşin Babayev iyunun 10-da, 84 yaşında vəfat edib.

 

Aqşin Əlisəttar oğlu Babayev 1936-cı il noyabrın 23-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində çalışıb, Azərbaycan Radiosunda xarici dillərdə yayım (Türkiyə, ərəb ölkələri və İrana) üzrə redaksiyada baş redaktor, radioxarici verilişlər üzrə sədr müavini işləyib. 1972-1975-ci illərdə Türkiyədə çalışıb. Xarici dillərdə yayımlanan “Moscow news” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. 1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin mətbuat katibi vəzifəsində işləyib. Aqşin Babayev həmçinin uzun müddət pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiri olub.

 

1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. Sonralar “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabları nəşr olunub. Pyesləri müxtəlif teatrlarda oynanılıb. Ssenarisi əsasında telefilmlər çəkilib.

 

Türk ədəbiyyatına dair (xüsusilə Nazim Hikmət yaradıcılığı) elmi tədqiqatların, “Türk ədəbiyyatı müntəxəbatı”, “Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan və türk dünyası”, eləcə də “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü” (A.Kazımzadə ilə birlikdə), “Kino sənətinin təməl daşı” və s. kitabların, dərs vəsaitlərinin müəllifidir.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.6.