Musiqinin və səsin insan orqanizminə və psixologiyasına təsiri

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisionun yeni istiqamətlərinin tədqiqi: orqanologiyaakustikaelmi tədqiqat laboratoriyasında “Musiqinin və səsin insan orqanizminə və psixologiyasına təsiri” adlı növbəti onlayn seminar keçirilib.

 

Seminarda məruzəçi – laboratoriyanın kiçik elmi işçisi Sevda İsayeva əvvəlcə musiqi ilə beyin arasındakı əlaqə haqqında məlumat verib. Bildirilib ki, musiqi beyinə birbaşa təsir göstərən səs dalğalarından ibarət olub orqanizmin fiziolojipsixoloji durumuna təsir edir. Səs eyni zamanda vibrasiyaya səbəb olub, enerji sahəsi yaradan bir enerji axınıdır ki, bu da səsin yüksəkliyindən, tezliyindən, ritmikliyindən, harmonik kompozisiyasından asılı olaraq, müsbət və mənfi yüklənməni əmələ gətirir. Məhz musiqinin bu xüsusiyyətindən istifadə edərək, hələ qədim zamanlardan ondan müalicə, xüsusən də insan psixikasını sakitləşdirmək və stabilləşdirmək məqsədilə istifadə olunub. Qeyd edilib ki, Azərbaycanda XX əsrin ortalarında görkəmli cərrah, professor İbrahim Topçubaşov musiqi terapiyası adlı tibbi müalicənin əsasını qoyub.

 

Onlayn seminarda xalq artistləri Ramiz Quliyevin, Şəfiqə Eyvazovanın, Zümrüd Məmmədovanın, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin ifalarında musiqi parçaları səsləndirilib. Bundan başqa, V.A.Motsartın və L.V.Bethovenin əsərləri dinlənilib.

 

Sonda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın əməkdaşları məruzəçiyə öz tövsiyələrini veriblər.

 

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.5.