Kitablarımız ABŞ-ın Konqres Kitabxanasında

 

Oxucular ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı nəşrlərlə tanış ola bilərlər

 

5 mart tarixində ABŞ-ın ən məşhur kitabxanası olan Konqres Kitabxanasına Azərbaycan kitabları hədiyyə edilib.

 

Təqdimetmə mərasimi Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Konqresin Tomas Cefferson adına Kitabxanasında keçirilib.

 

Sözügedən kitablar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası tərəfindən hədiyyə edilib.

 

Tədbir kitabxananın möhtəşəm və tarixi Şimal-Şərq Pavilyonunda baş tutub. Tədbirdə kitabxananın Yaxın Şərq Bölməsinin rəhbəri Coan Viks çıxış edərək,sözügedən bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verib. C.Viks tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, hədiyyə edilən kitabların Konqres Kitabxanasının Yaxın Şərq bölməsindəki Azərbaycana aid olan kolleksiyasında mühüm boşluqları doldurulmasına töhvə verəcəyini söyləyib.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov kitabxana rəsmilərinə öz təşəkkürünü bildirərək onların gördüyü işin insanların inkişafı üçün çox vacib olduğunu vurğulayıb. Belə bir tədbirin təşkilində göstərdikləri dəstək üçün səfir C.Vikskitabxanada çalışan həmyerlimiz Müjgan Nəzərovaya xüsusi minnətdarlığını ifadə edib. Səfir ABŞ Konqres Kitabxanasında artıq 6 mindən çox Azərbaycan dilində çap edilmiş kitabların mövcud olduğunu qeyd edib.Kitabxanada türkdilli xalqların yazılarının saxlanıldığını xatırladan səfir Azərbaycanın türk dünyasının aparıcı və tərkib hissəsi olduğunu diqqətə çatdırıb.O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasıda daxil olmaqla artıq ölkəmizin 10 kitabxanası ABŞ Konqresin Kitabxanası mübadilə tərəfdaşlığı edir.

 

Ümümmilli lider Heydər Əliyevin “Kitabxanaya hörmət xalqın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” sözlərinə istinad edən səfir,Azərbaycanda savadlılıq dərəcəsinin 100 faizə yaxın olduğunu qeyd edərək, ölkəmizdə hər zaman kitabxana işinə böyük hörmətlə yanaşdığını bildirib. Hədiyyə olunan 50 kitabın içərisində fərqli mövzuları əhatə edən kitablar təqdim edilib. Beləliklə, ABŞ Konqres Kitabxanasının oxuyucuları Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və coğrafiyasına aid olan kitablarla artıq tanış ola bilər. Səfir 2017-ci ilin mart ayında Konqres kitabxanasında Fəridə Buyuranın “Nar və Zəfəran” adlı kitabının təqdimatının keçirilməsini xatırladaraq, əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.

 

Tədbirin sonunda, öz dərin təşəkkürünü bildirərək səfir E.Süleymanova kitabxana adından rəsmi təşəkkür məktubunu və ümumi mübadilə tərəfdaşlığı barədə sazişin surətini təqdim edib.

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.8.