“Kainatın sirləri” məktəblilərin təqdimatında

 

Abşeron rayon Qobu qəsəbəsi Qəzənfər Xalıqov adına 1 saylı tam orta məktəbdə “Kainatın sirləri” adlı bədii kompozisiya təqdim olunub.

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, həmçinin uşaq yazarları Reyhan Yusifqızı və Aygün Bünyadzadə tədbirdə qonaq qismində iştirak ediblər. İştirakçılar əvvəlcə məktəbin foyesində uşaqların əl işlərindən ibarət “Kainatın sirləri” adlı sərgi ilə tanış olublar.

 

Bədii kompozisiya elmi-kütləvi və fantastik əsərlər müəllifi Reyhan Yusifqızının trilogiyası əsasında hazırlanıb. Qeyd edək ki, müəllifin elmi-fantastika janrında yazdığı “Yaşılgözlü qız“ kitabı 2009-cu ildə Ankarada (Türkiyə) beynəlxalq müsabiqədə üçüncü mükafata layiq görülüb.

 

Kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qızın – Leminin başına gələn əhvalatlar, Yer planetindəki uşaqlarla (Rüstəm, Kənan) dostluğu, onların Yerin ekologiyasını məhv olmaqdan xilas etmək üçün yollar araması və s. bəhs edən kompozisiya maraqla qarşılanıb. Təbiət, kainat, astronomiyaya aid məlumatlarla zəngin bədii kompozisiyada məktəblilər mövzunu tam əhatə etməklə yanaşı, öz geyimləri, rəqsləri, mahnı ifa etmələri ilə hər kəsdə xoş ovqat yaradıblar.

 

Reyhan Yusifqızı və Aygün Bünyadzadə tədbirin təşkilinə görə təşəkkür edərək uşaqların ifalarından məmnun olduqlarını bildiriblər.

 

Sonda çıxış edən Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova uşaqlarda intellektual, bədii inkişaf, dünyagörüşü, vətənpərvərlik kimi cəhətlərin formalaşmasında kitabların rolundan söz açıb və məktəbin bütün şagirdlərini kitabxanaya dəvət edib.

 

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.6.