Novruz: milli ənənələr, kütləvi mərasimlər

 

 

Redaksiyadan:

 

Bu günlər bütün dünyanı cənginə almış koronavirus infeksiyası ilə bağlı ölkəmizdə də tətbiq edilən zəruri məhdudiyyətlər üzündən ənənəvi Novruz mərasimləri və kütləvi bayram tədbirləri keçirilməsə də, mədəni irsimizin bu zəngin səhifəsinə bir daha nəzər saldıq. Sağlıq olsun. Üzümüzə hələ neçə illər və bayramlar gələcək...

 

***

 

Azərbaycanın milli ənənələrinin, kütləvi bayramlarının tarixini araşdıranda qarşımıza çoxsaylı maraqlı etnoqrafik bayramlar, kütləvi mərasimlər, sakral mahiyyət daşıyan ayinlər kompleksi çıxır. Bunların bir qismi son yüzillikdə tam unudulub, bir qismi transformasiyaya uğrayıb, bir qismi isə zamanın sınağından uğurla çıxıb, xalqımız tərəfindən qorunaraq bu gün də yaşadılır. Müasir dövrdə də xalqımız tərəfindən böyük məhəbbətlə qeyd olunan bayram mərasimlərindən danışarkən ilk olaraq yada, təbii ki, Novruz bayramı düşür.

 

Ümumiyyətlə, Novruz bayramının başqa çoxsaylı məhsul bayramları və sair bu cür kütləvi tədbirlərdən əsas fərqi özündə tarixi etnoqrafiyanı, toplumun mifologiyasını və milli mədəniyyət fəlsəfəsini ehtiva etməsindədir. Başqa sözlə desək, zahirən nə qədər kütləvi, nə qədər ümumxalq mərasimi olsa da, alt qata fikir verəndə görürük ki, Novruz dərin fəlsəfəsi olan bayramdır. Etiraf edək ki, heç də dünyanın bütün xalqlarında bu cür dərin fəlsəfəsi olan ümumxalq bayramı yoxdur.

 

Novruz bayramı bu gün bizə məhz milli mədəniyyət tariximizin simvolu kimi görünür. Deməli, milli mədəniyyət tariximizin qloballaşma dövründə çətinliklə də olsa, qorunub saxlanılmasından danışanda ilk olaraq Novruz ənənələrinin rolu ön plana çıxır. Çünki tarix boyu Azərbaycanın hər bölgəsində hər il az qala bir ay ərzində davam edən Novruz şənlikləri bizim milli teatrımızın, milli musiqimizin, milli poeziyamızın və başqa mədəni irs nümunələrinin özünü göstərdiyi bir meydan olub. Sənətkarlar bəlkə də bütün ilboyu növbəti Novruz şənliklərinə hazırlıqlar görüblər, təqribi ssenarilər tutublar, əyləncəli oyunlar hazırlayıblar, maraqlı yeniliklər düşünüb tapıblar. Yəni Novruz şənlikləri zamanı göstərilən şou xarakterli tamaşalar birbaşa interaktiv yaradıcılıq laboratoriyası olub. Deməli, bu günNovruz şənliklərinin ildən-ilə daha yüksək səviyyədə keçirilməsi, həm də milli sənət növlərinin qorunub saxlanılmasına və inkişafına böyük dəstək vermiş olur. Hər il Azərbaycana gələn turistlərin qarşısında qədim mədəniyyətimizi təbliğ etməklə bərabər, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkil etdiyi kiçikmiqyaslı Novruz şənlikləri də bu baxımdan mühüm rol oynayır.

 

Novruz bayramı təbiətin dirildiyi dövrə təsadüf elədiyinə görə, alt qatında bir əbədi həyat fəlsəfəsi var. Bu bayramın dünya xalqları arasında tarixən məhz Azərbaycanda daha geniş keçirilməsi faktdır. Yalnız bir halda Novruz bayramı keçirilmirdi ki, bu da təxminən 30-35 ildən bir Məhərrəm ayının və Aşura gününün Novruz ərəfəsinə düşdüyü illərə təsadüf edir.

 

Deməli, bu gün müasir dünyada Azərbaycan xalqı baharın gəlişini yüksək səviyyədə qeyd edən azsaylı xalqlardan biridirNovruz bayramının sırf Azərbaycanın milli mədəniyyət brendinə çevrilməsi yolunda dövlətimizin bütün səyləri də bununla bağlıdır. Novruz bayramına həsr olunmuş tədbirlərin hazırlanmasına zaman-zaman ölkənin ziyalıları da cəlb olunur, dövlət səviyyəsində müvafiq tədbirlər görülür ki, ildən-ilə bu bayram şənlikləri daha maraqlı və daha cəlbedici olsun.

 

Zənnimcə, Novruz şənliklərinə bir neçə istiqamətdə yeni layihələr əlavə etmək mümkündür ki, həm yerli sakinlərin, həm də xaricdən gələn qonaqların daha çox marağına səbəb olsun. Bunlar ilk olaraq interaktiv meydan tamaşaları, yarışma xarakterli interaktiv oyunlar və nəhayət, Novruz fəlsəfəsini və mifologiyasını əks etdirən attraksionlar ola bilər. Ümumiyyətlə, bütün şənliklər üçün əyləncə və istirahət faktoru çox böyük əhəmiyyət kəsb edir.

 

 

 

İnteraktiv meydan tamaşaları

 

 

 

Tarixən Novruz bayramı şənliklərində kütləvi meydan tamaşalarından istifadə olunub. Lakin bu meydan tamaşaları, sadəcə, hansısa səhnə əsərlərinin açıq səmada göstərilməsi formasında yox, bir qədər fərqli olub. Bu tamaşalarda kütlə də iştirak edib, tamaşaçılarla oyunçular arasında pərdə götürülüb. Qədim məzhəkələr, qaravəllilər bunun nümunəsidir.

 

Fikrimcə, qədimdə mövcud olmuş bir çox kütləvi meydan tamaşalarının dirçəldilməsi məqsədəuyğun olardı. Məhz belə tamaşalarda, sadəcə, aktyorlar yox, tamaşaçılar da iştirak edə bilər. Lakin, əlbəttə ki, bu tamaşaların forması və məzmunu düşünülüb tapılmalıdır, rejissorlar  etnoqraf alimlərlə birlikdə bunun üzərində düşünüb daşına bilərlər. Bu mənada müxtəlif formalı karnavallar da təşkil etmək olar...

 

 

 

Yarışma xarakterli oyunlar

 

 

 

Qədim dövrlərdən Novruz bayramı çərçivəsində çoxsaylı gərgin, dinamik interaktiv yarışmalar, müxtəlif idman oyunları keçirilib. Bu da bayramın əyləncəli tərəfini təşkil edib. Bunların içərisində pəhləvan güləşmələri, cıdırlarda at yarışları, qoç, xoruz döyüşləri və bu tipli çoxsaylı yarışmalar şənlik iştirakçılarının marağına səbəb olub.

 

Son yüzillikdə yayılan müəyyən stereotiplərə uyğun olaraq bu cür oyunlar indi keçmişin qalığı, cəhalət nümunəsi kimi görünə bilər. Lakin belə stereotipləri sındırmaq lazımdır. Bir çox ölkələrdə bu cür tarixi milli yarışlar mövcuddurmilli-etnik ənənələrin nümunəsi kimi qorunub saxlanılır. Düzdür, indiki dövrdə şəhər şəraitində bir sıra oyunların təşkili müəyyən çətinliklər yarada bilər, lakin bunun da yollarını tapmaq olar.

 

Bu yarışların içində qoç döyüşləri, zənnimcə, xüsusi əhəmiyyətə malikdirbu xüsusda ayrıca danışmağa ehtiyac var. Çünki hər bir xalqın totemləri olduğu kimi, Azərbaycan xalqının da ən əhəmiyyətli totemlərindən biri Qoç obrazıdır. Bu məqamda məşhur bir atalar sözünü diqqətə çəkmək yerinə düşər – “Qoç döyüşünə qoç dayanar”. Mifik obrazların içərisində Qoç obrazı da xüsusi mistik əhəmiyyətə malikdir. Məşhur “Məlikməmmədin nağılı”nda əsas obrazlar sırasında qoçQara qoç vardır. İribuynuzlu qoç döyüş, qəhrəmanlıq rəmzidir, həm də xeyir ( qoç) və şər (Qara qoç) təmsilçisi kimi çıxış edir. Döyüşkən, qorxmaz Qoç obrazını Azərbaycan mifologiyasının əsas simvolu kimi dünyaya təqdim etmək olar.

 

 

 

Zorxana

 

 

 

Tarixən zorxana pəhləvanları qapalı meydanlarla bərabər, Novruz şənliklərində açıq səma altında, xalqın qarşısında çıxış ediblər. Bu günNovruz tədbirləri sırasında müxtəlif istiqamətli zorxana yarışları keçirilsə, maraqlı olar.

 

 

 

Novruz bağlı attraksionlar

 

 

 

Tarixən bütün xalqlarda milli bayramlarda müxtəlif attraksionlar həyata keçirilib ki, bunlar da həmin xalqın etnik tarixini, milli ənənələrini əks etdirib. Bu həm də, sadəcə, attraksion olmayıb, müəyyən milli fəlsəfə daşıyıcısı olub. Son illər bir çox AvropaRusiya rejissorları öz tarixi filmlərində bu cür milli bayramlardakı attraksionları çox yüksək səviyyədə canlandıra biliblər. Məsələn, məşhur rus rejissoru Nikita MixalkovSibiriada” filmində rus xalqının qədim “Maslenitsamilli bayramındakı attraksionları, atəşfəşanlığı yüksək səviyyədə canlandırıb. BizNovruz bayramı üçün bu cür maraqlı attraksionlar düşünüb tapmalıyıq. Düşünürəm ki, bu işdə Novruz öncəsi dörd çərşənbə – dörd ünsürün simvolikasından istifadə etmək mümkündür. Mifik təfəkkürə diqqət etsək görərik ki, torpaq, su, od, hava (sıralama şərtidir) ünsürlərinin hər biri böyük fəlsəfi yük daşıyır və bahar öncəsi tək təbiət yox, sanki insanların ruhu da bu dörd ünsürdən keçir, saflaşır, paklaşır, yeni həyat əldə edir.

 

Tutalım, oda, suya davamlı şəffaf materiallardan böyük bir tunel düzəldilir. Tunelin girişi yeraltı keçid formasında torpağın altından başlayır (torpaq ünsürü), ardınca şəffaf tunel suyun (dənizin) içinə baş vurur (su ünsürü - insanlar özlərini suyun içində hiss edir), sonra tunel yuxarı qalxıb körpü şəklində, böyük tonqalın, alovunun içindən keçir (od ünsürübu da alovun üstündən tullanmağı simvolizə edir), nəhayət, tunel yuxarıda qurulmuş meydançaya, yəni havaya çıxır (hava ünsürü).

 

***

 

Novruz, sadəcə, bayram yox, Azərbaycan xalqının çox minillik tarixini, adət-ənənəsini, milli fəlsəfəsini əks etdirir. Bu baxımdan xalqımızın geniş mərasimlərə, interaktiv tamaşalara, kütləvi oyunlara olan tələbatını məhz Novruz bayramındakı tədbirlərlə ödəmək mümkündür. Sadəcə, müxtəlif sahələr üzrə alim mütəxəssislər bir araya gəlib təhlillər aparmalı, tarixi-etnik ayin mərasimlərin arasından çağımızda reallaşdırılması mümkün olanları seçib dövrə uyğunlaşdırmalıdırlar...

 

İlqar FƏHMİ

Yazıçılar Birliyinin katibi

 

Mədəniyyət.- 2020.- 19 mart.- S.5.