“Azərbaycanın qızıl ulduzları”

 

Qəhrəman döyüşçünün fotoşəkilləri muzeyə təqdim edilib

 

Pandemiya səbəbindən elan olunan karantin dövründə fəaliyyətini onlayn şəkildə davam etdirən İstiqlal Muzeyi “Azərbaycanın qızıl ulduzları” və “Qələbə naminə” layihələri çərçivəsində İkinci Dünya müharibəsində iştirak etmiş həmvətənlərimizi tanıdır, onlara məxsus eksponatları virtual ekskursiya vasitəsilə təqdim edir, müxtəlif videotəqdimatlar hazırlayır.

 

Faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar muzeyə maraqlı eksponat daxil olub.

 

Muzeyin əməkdaşları bir qədər əvvəl Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovun yaşadığı Tovuz rayonundakı evinə baş çəkmiş, onun oğlu Mehdi Sadıqovla görüşmüşdülər. M.Sadıqov söhbət əsnasında müharibə zamanı Yusif Sadıqovun diviziya komandiri Aleksey Dobrov 1978-ci ildə yaşadığı Tula şəhərindən Tovuz rayonuna gəlməsindən də danışıb. Dobrov ondan öncə bir neçə dəfə döyüş dostunu tapmaq üçün hərbi komissarlıqlara sorğu göndərsə də, adını düzgün yazmadığına görə, onu tapmaq vaxt aparıb. Tapanda isə Yusif Sadıqov həyatda deyilmiş. Bununla belə o, cəbhə dostunun məzarını ziyarət etmək üçün Tovuza gəlir və on gün Azərbaycanda qalır.

 

Qəhrəmanın oğlu atasının bir neçə fotoşəklini, o cümlədən komandiri Dobrov ilə birgə çəkilmiş və onun tərəfindən arxası yazılmış imzalı şəklini İstiqlal Muzeyinə hədiyyə edib.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.6.