Azərbaycanın ürəyidir Naxçıvan

 

Sənədli film Bolqarıstanda turizm festivalında mükafat qazanıb

 

Bolqarıstanda keçirilən Avropanın şərq sahilində adlı 16-cı Beynəlxalq turizm filmləri festivalında ölkəmiz də təmsil olunub. Ənənəvi festival bu il onlayn şəkildə reallaşıb.

 

Festivalda ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət və ayinlər və s. mövzular üzrə hazırlanmış videoçarxlar onlayn şəkildə geniş auditoriya tərəfindən izlənilib. Bu il festivala 24 ölkədən ümumilikdə 54 film təqdim edilib.

 

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü əsasında Naxçıvan Televiziyası tərəfindən hazırlanmış Azərbaycanın ürəyidir Naxçıvan adlı sənədli filmin ingilis dilində olan variantı Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan MR-dəki idarəsi tərəfindən festivala təqdim olunub. Film festivalın münsiflər heyəti tərəfindən bəyənilərək Turizm məkanı kateqoriyası üzrə (Reportajya sənədli film alt-kateqoriyasında) qalib elan olunub.

 

Sənədli film festivalın rəsmi internet səhifəsində və Youtube kanalında yerləşdirilib.

 

Qeyd edək ki, festivalda iştirak muxtar diyarın mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını təbliğ etməklə yanaşı, regionun zəngin irsi, potensialı və mövcud tərəqqisinin Avropa məkanında tanıdılmasına imkan verib. Festivalda, həmçinin təbiət-ekoturizm, idman-macəra və turizm xidmətləri kateqoriyaları üzrə mükafatçılar müəyyən olunub.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.4.