Bizi birləşdirən mədəniyyət”in konsertləri davam edir

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti həftəsi (4-10 may) ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunub.

 

Telehəftə çərçivəsində mayın 6-da Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan verilişdə muğam ustadının sənət yoluna nəzər salınıb. Bildirilib ki, Əlibaba Məmmədov 100-dən çox mahnı və təsnif yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurubbu mahnılar xalq tərəfindən sevilir.

 

Verilişin qonaqları BMM-in solistləri Babək Quliyev (Şuşalı), Elnur Zeynalov, Səbinə Ərəbli, balaban ifaçısı Rafael Əsgərov xanəndənin repertuarından seçmələr, həmçinin sənətkarın “Qızılgüllər arasında”, “Vilayəti”, “Şur” təsniflərini, “Mehriban həkim” mahnısını səsləndiriblər.

 

Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.

 

Ustad xanəndənin tələbəsi Babək Şuşalı müəlliminin pedaqoq kimi xüsusiyyətlərindən söz açıb. Qeyd edib ki, Əlibaba Məmmədovun gənc xanəndələr nəslinin yetişməsində böyük əməyi var. O, Muğam televiziya müsabiqəsində iştirakı zamanı sənətkarın tövsiyələrindən bəhrələndiyini vurğulayıb.

 

Balaban ifaçısı Rafael Əsgərov isə müasir dövrdə balaban sənətinin inkişafı və görkəmli ifaçıları haqqında fikirlərini bölüşüb.

 

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda mərkəzin “Facebook” səhifəsi üzərindən də təqdim edilir.

 

***

 

Mayın 7-də “Bizi birləşdirən mədəniyyət”in növbəti qonaqları Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov olub. Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızının da iştirak etdiyi efirdə Əlibaba Məmmədovun yaradıcılığı və muğam sənətinə töhfələrindən söz açılıb. Xanəndənin bəstələdiyi mahnı və təsniflər səsləndirilib.

 

LALƏ

 

 

Mədəniyyət.- 2020.- 8 may.- S.3.