Canlı mədəniyyət naminə beynəlxalq videokonfrans

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Belarus Respublikasının baş mədəniyyət müəssisəsi sayılan Mogilyov Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Canlı mədəniyyət naminə adlı videokonfrans təşkil olunub.

 

MEMİM-dən bildirilib ki, videokonfransda Azərbaycan və Belarus mütəxəssisləri mədəniyyətin postkoronavirus dövründə inkişaf xüsusiyyətlərini müzakirə ediblər. O cümlədən virtuallaşma dövründə xalq kollektivlərinin və ənənəvi mədəni xidmətlərin toxunulmazlığının təmin olunmasının üsul və metodları ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə yeni metodiki vəsaitlərin birgə hazırlanması və zəruri internet aksiyaların keçirilməsi vurğulanıb.

 

Azərbaycanda sosial təcrid şəraitində mədəniyyət işçilərinin fəaliyyəti və mədəniyyətin təbliği barədə danışan MEMİM-in direktoru Asif Usubəliyev bildirib ki, karantin dövründə insanların mədəniyyətlə təması, bu vəziyyətdə mümkün streslərdən uzaq olması üçün Mədəniyyət Nazirliyitabe müəssisələr tərəfindən çoxlu sayda müxtəlif səpkili layihələr reallaşdırılıb.

 

Xalqların milli identikliyinin, milli adət-ənənələrin qorunması və gənclər arasında folklora marağın artırılmasının əhəmiyyətini bildirən konfrans iştirakçıları bu yöndə gələcəkdə birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, iki qurumun təşəbbüsü ilə 2017-ci ildə metodiki mərkəzlərin rəhbərlərini birləşdirən Beynəlxalq Metodiki Şura yaradılıb ki, Azərbaycan həmin şuraya həmsədrlik edir.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.3.