Göstərilməyən tamaşa qaldı?

 

Normal həyat tərzimizi yerindən etmiş pandemiya ilə mübarizə şəraitində alternativ fəaliyyət üsullarını da düşünüb-daşınırıq. Çünki hələlik nə ötən zaman, nə də bu mücərrədlik bizə heç nə vəd etmir. Amma bədbinliyə qapılmaq vəziyyətdən çıxış yolu deyil. Deməli, kritik vəziyyətlərə uyğun hərəkət çağdaş dünya insanının əsas qayəsi olmalıdır ki, bunu da tədricən öyrənirik. Gələk mədəniyyət müəssisələrinin, konkret olaraq teatrların bu vəziyyətdə işinin müasir texnoloji imkanlarla tənzimlənməsinə. Təbii ki, virtual teatr, onlayn nümayiş heç bir halda canlı ünsiyyəti, tamaşaya səhnə ilə üzbəüz oturub baxmağı əvəz edə bilməz. Amma indilik reallıq budur.

 

Teatrların mövcud vəziyyətdə İKT imkanlarından nə dərəcədə faydalanması ayrıca bir mövzudur. Bu dəfə onların onlayn repertuar siyasətinə nəzər salmağa çalışacağıq. Bu onlayn nümayiş yarışında diqqətçəkən bir məqam da teatrların tamaşa siyasəti və internet üzərindən təbliğatıdır ki, bunun üzərində dayanmaq istərdik.

 

Məlumdur ki, cari repertuardakı tamaşaların nə qədər olmasına baxmayaraq, hər teatrın 2-3, lap 4-5 kassa nöqteyi-nəzərdən çox baxımlı və gəlirli tamaşası olur. Elə teatrların təmsilçilərindən də bu tamaşaların onlayn repertuarda yer alıb-almadığını öyrəndik. Yəni məşhur bir tamaşanın videoyazısına internet üzərindən baxan tamaşaçı ikinci dəfə bu tamaşaya gedib bilavasitə teatrda baxacaqmı?

 

Akademik OperaBalet Teatrının mətbuat xidmətindən məsələyə münasibət belə oldu: Tamaşaçı itkisindən çəkinmirik. Bildiyiniz kimi, operanı sevənlər fərqli ifaları dinləmək üçün eyni tamaşaya dəfələrlə baxmağa gəlirlər. Eyni zamanda həm klassik opera, həm də klassik balet tamaşalarında adətən baş rolları ifa etmək üçün teatrın rəhbərliyi qastrolçuları dəvət edir. Bu da tamaşalara olan marağı hər zaman artırır. Milli tamaşalara gəldikdə isə, onlara maraq hər zaman yüksək olub. Xüsusilə də əcnəbilər tərəfindən. Bu mənada biz tamaşaçı itkisindən çəkinmirik.

 

Akademik Milli Dram Teatrından aldığımız məlumata əsasən deyə bilərik ki, onlar təkcə may repertuarına 28 tamaşa daxil ediblər ki, onların da içərisində həm yeni, həm də illər əvvəl oynanılan, lakin cari repertuardan çıxarılan səhnə əsərləri var. Teatrın mətbuat katibi Cavid Zeynallı burada müəyyən prinsipə əməl etdiklərini deyir: Cari repertuarda olmayan tamaşalar teatrın Facebook səhifəsində bir neçə gün saxlanılırsa, Youtube səhifəsinə yüklənirsə, bu, yeni tamaşalara şamil olunmur. Təbii ki, Ölülər, Cəhənnəm sakinləri, Sinif yoldaşları, Almazbaşqa tamaşaları Youtube kanalına yükləməmişik. Yəni onlar konkret bir gün onlayn təqdim oluna bilər. Vaxtilə oynanılan, illər əvvəl repertuardan çıxarılan tamaşalarımıza isə internet üzərindən hər vaxt baxmaq olar. Həmsöhbətim karantin günlərindən sonra da onlayn nümayişi müəyyən qədər davam etdirəcəklərini deyir.

 

Onlayn tamaşa nümayişində aktiv təsir bağışlayan Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova onlar üçün əsas prioritetin tamaşaçı marağı olduğunu və çəkinmədən bütün baxımlı tamaşalarını teatrın sosial şəbəkə hesablarına yerləşdirdiklərini deyir: İstər retro, istərsə də yeni tamaşalarımız nümayiş olunur. Kassa satışı baxımından daha çox gəlir gətirən ən son tamaşalarımızı belə onlayn təqdim edirik. Onu da deyim ki, bizim tamaşaları izləyənlərin əksəriyyəti mesaj və şərhlərində sevə-sevə tamaşa salonlarımıza gələcəklərini, o nümunələrə canlı-canlı baxacaqlarını da yazırlar. Odur ki, gəlirli və ya retro fərqi qoymadan, tamaşaçıların arzusunu nəzərə alaraq səhnə əsərlərini onların ixtiyarına veririk.

 

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva virtual repertuara 30-dan çox tamaşa daxil etdiklərini və hər gün sosial şəbəkə hesablarından tamaşaçılara təqdim olunduğunu deyir. Onun sözlərinə görə, əsas məqsəd teatrla tamaşaçı arasında əlaqəni qorumaqdır və buna görə də ən yeni, ən gəlirli tamaşalarını da onlayn nümayişə cəlb edirlər: Videoyazıların nümayişi tamaşaçıların teatrdan soyuması, uzaqlaşması üçün səbəb olmayacaq. Teatrı sevən və ona canlı ünsiyyət vasitəsi kimi baxan zatən onun pərəstişkarı olmaqda davam edəcək. Bu mənada bədgüman olmuruq və inanırıq ki, yenə də tamaşaçılar kassalardan bilet alıb teatra gələcək, sevimli aktyorlarını alqışlayacaqlar.

 

Azərbaycan Dövlət Kukla Teatrının baş inzibatçısı Aynurə Əkbərova isə onlayn repertuar siyasətini tənzimləyərkən bu məqamı diqqətdə saxladıqlarını bildirdi. Onun sözlərinə görə, karantin günlərində tamaşaçıları ən baxımlı, maraqlı səhnə nümunələri ilə cəlb etmək də vacibdir, odur ki, retro tamaşalarla yanaşı kassa tamaşalarının da bir neçəsi nümayiş etdirilir. Yalnız repertuarda olan yeni, yəni cari mövsümdə təhvil verilən tamaşalar istisna təşkil edir.

 

Yuğ Dövlət Teatrının ədəbi-dram hissə müdiri Elçin Cəfərov teatrın Youtube kanalında və Facebook sosial hesabında həftədə cari repertuardan və arxivdən iki tamaşabir süjet yayımladığını bildirdi: Təbii ki, teatr buradaindi prinsipinə əsaslanan canlı sənətdir və tamaşanın videoyazısı heç vaxt teatrın canlı ünsiyyətini əvəz edə bilməz. Xüsusən, nəzərə alsaq ki, teatrlarımızın bir çox tamaşalarının keyfiyyətli videoyazısı yoxdur, bu resurslar tezliklə tükənə bilər. Ancaq indiki iqtisadi amildən daha önəmlisi insanların teatr sənətinə olan tələbatının keyfiyyətli kontentlə təmin edilməsidir.

 

Məsələyə daha çox təbliğat rakursundan baxdıqlarını deyən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təmsilçisi Teymur Bayramlının fikrincə, sırf retro tamaşalarla kifayətlənmək də olmaz: Aprelmay ayları ərzində nümayiş etdirdiyimiz əsasən retro tamaşalardır. Onların içərisində hazırda repertuarda olan tamaşalar da var. Biz bunların hamısını bütöv şəkildə nümayiş etdirməklə, bunun da bir təbliğat-təşviqat xüsusiyyəti olduğunu düşünürük. Yəni tamaşaçılarımız İrəvan teatrının səhnəsində hazırlanmış nümunələr barədə məlumatlanır və sabah teatr zalına gəlmək üçün bunlar bir əsas yaradır.

 

Aldığımız cavablardan da göründüyü kimi, teatrlar bu məsələdə daha çox təbliğat istiqamətini ön plana çıxarıblar ki, bu da müəyyən məqamlarda başadüşüləndir. Xüsusən teatrın tamaşaçıya vacib estetik istehlak məhsulu kimi təqdimatı üçün.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2020.- 8 may.- S.4.