“İdeyanı reallaşdır” – gənclərin fərdi layihələri nəzərdən keçirilib

 

 

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının cari ildə ikinci iclası mayın 7-də onlayn formatda keçirilib.

 

İclasda Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi”nə mayın 1-dək daxil olmuş layihə təkliflərinə baxılıb. Xüsusi karantin dövrünü gənclər üçün faydalı və əyləncəli etmək məqsədilə elan edilmiş müsabiqə çərçivəsində gənclər “#evdəqal” çağırışına uyğun olaraq sosial şəbəkələrdə virtual çağırış və təşviqetmə aksiyaları, sosial şəbəkə və paylaşım platformalarında əyləncəli kontentlərin yaradılması, faydalı və maarifləndirici videoçarxların hazırlanması və digər onlayn icrası mümkün təşəbbüslərini təqdim etmək imkanı əldə ediblər.

 

Təqdim edilən layihələr nəzərdən keçirilib, seçim meyarlarına cavab verən layihələr müəyyənləşdirilib. Onların onlayn şəraitdə icra imkanı, icra planı, büdcəsi və icra müddətinin müəyyən edilməsi məqsədilə Fonda layihə müəllifləri ilə əlaqə saxlanılması tapşırılıb.

 

Eyni zamanda gənclər təşkilatları üçün elan edilmiş 14-cü qrant müsabiqəsinə təqdim olunan layihələrin mövcud vəziyyətə uyğunlaşdırılaraq icrası imkanlarının araşdırılması məqsədilə Gənclər Fondu tərəfindən təşkilatlarla müzakirələrin təşkilinə dair tapşırıq verilib.

 

İclasda, həmçinin pandemiya dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirakla bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq, könüllü təşkilat və hərəkatları tərəfindən martın 27-də təsis edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyəti ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, Mərkəz hazırda 18 könüllü təşkilatı və hərəkatını özündə birləşdirir.  50-dən artıq şəhər və rayonda 4 minə yaxın könüllünün iştirakı ilə “Böyüklərimizi qoruyaq”, “Könüllü qonşu” və “Könüllü donor” aksiyaları keçirilməkdədir.

 

İclasda postpandemiya dövründə Gənclər Fondunun fəaliyyətinin əsas istiqamətləri üzrə də müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.2.